Bakıda vərəm xəstələri niyə görüntülü zənglə izlənilir? AÇIQLAMA

12.11.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Vərəm xəstələrinin dərmanlarını qəbul edib-etmədikləri görüntülü zənglər vasitəsilə yoxlanılır.

Bu barədə “Bakupost”a vərəm xəstəliyindən əziyyət çəkən vətəndaşlar məlumat veriblər.

Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq TƏBİB-dən bu təcrübənin tətbiq olunduğu təsdiqlənib.

Qurumdan bildirilib ki, Ağciyər Xəstəlikləri Mərkəzi (AXM) tərəfindən vərəmli xəstələrin müalicəsinin fasiləsizliyini təmin etmək, dərman qəbuluna gündəlik nəzarəti gücləndirmək və tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə birbaşa və videonəzarətli müalicə üsulları tətbiq olunur:

TƏBİB-in məlumatına görə, DOT (Directly Observed Treatment) birbaşa nəzarət altında müalicə üsuludur:

"Bu yanaşma vərəm xəstələrinin müalicəsində 1950-ci illərdən istifadə olunmağa başlanmış, 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşviq edilən DOTS strategiyasının əsas komponentlərindən birinə çevrilmişdir.

VOT (Video Observed Therapy) - Videonəzarət Altında Müalicə üsuludur. 2000-ci illərin sonlarından tətbiq olunmağa başlayan bu üsul 2017-ci ildə ÜST tərəfindən uyğun şəraitdə ənənəvi birbaşa müşahidəyə alternativ kimi tövsiyə edilmişdir".

Qeyd edilib ki, hazırda AXM-in ambulator xidmət göstərən müəssisələrində vərəm əleyhinə dərman preparatları təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstələrin yaşadıqları ünvanlara çatdırılır:

"Dərmanların qəbulu müəssisələrdə yaradılmış DOT otaqlarında tibb işçilərinin birbaşa müşahidəsi, həmçinin xüsusi videonəzarət otaqları vasitəsilə məsafədən izlənilir".

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью