Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? AÇIQLAMA

11.09.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yağış mövsümünün başlaması ilə bərabər sakinləri narahat edən ən mühim hadisələrdən biri də tullantı sularıdır. Buna səbəb paytaxta və bölgələrə yağan aramsız yağıntının insanların sosial həyatına ciddi mənfi təsirlər göstərməsidir.

Nəzərə alsaq ki son illərdə dəyişən iqlim səbəbilə yağıntıların intensivliyi daha da artıb, bu zaman vəziyyət bir qədər də kritikləşir.

Bəs görəsən, yeni mövsümdə yağış sularının idarı edilməsi ilə bağlı hansı yeni layihələrin icrası nəzərdə tutulur?

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub:

Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində subasma risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb.

"Hazırda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr üzrə hazırlıq işləri davam etdirilir. Bir sıra layihələr üzrə müvafiq sənədləşmə və layihələndirmə işləri hazırlanıb, müəyyən ərazilərdə isə artıq tikinti-quruculuq işlərinə başlanılıb. Xüsusilə qeyd etmək lazımdır ki, burada söhbət yalnız ayrı-ayrı küçə və ərazilərdə lokal tədbirlərin görülməsindən deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasından gedir".

O da bildirilib ki, qarşıdan gələn payız mövsümü ilə əlaqədar cari hazırlıq tədbirləri də həyata keçirilir. Rayon sukanal idarələri təsdiq edilmiş fəaliyyət planlarına uyğun olaraq mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur və əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir:

"Yəni hazırkı mərhələdə xidmətin mövcud infrastruktur və texniki imkanları çərçivəsində yağış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür. Bununla belə, qeyd etmək lazımdır ki, mövcud imkanlar hesabına həyata keçirilən cari və texniki tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərin yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli, kompleks və fundamental nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq.

Bu baxımdan, qarşıdakı əsas prioritetlərdən biri yağış sularının idarə olunması sisteminin genişləndirilməsi və müasir tələblərə uyğun yenidən qurulmasıdır. Dövlət Proqramında nəzərdə tutulan layihələr icra olunduqca yeni xətlər və kollektorlar istismara veriləcək, mövcud şəbəkələrin ötürücülük imkanları artırılacaq və yağış sularının daha səmərəli şəkildə kənarlaşdırılması təmin ediləcək".

Son olaraq qeyd olunub ki, hazırda həm qarşıdan gələn mövsümə hazırlıq, həm də daha genişmiqyaslı infrastruktur yenilənməsi istiqamətində paralel iş aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью