Bakıda yeni avtobuslarla bağlı PROBLEM Rus dilində...

27.01.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın ictimai nəqliyyat sistemində son illər aparılan islahatlar çərçivəsində bir sıra marşrutlar yenilənib və daha müasir avtobuslarla təmin olunub.

BAKU.WS-in məlumatına görə, bu dəyişikliklər sərnişin rahatlığını artırsa da, xidmətin keyfiyyəti təkcə texniki yeniliklərlə məhdudlaşmamalıdır.

Avtobus salonunda təqdim olunan məlumatların dolğunluğu, dövlət dilində olması və sərnişinlərin marşrut barədə tam məlumat ala bilməsi də ən azı nəqliyyat vasitəsinin yeniliyi qədər vacib amillərdir. Məhz bu kontekstdə 38 nömrəli marşrut üzrə mövcud vəziyyət diqqət mərkəzinə düşüb.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, 38 nömrəli marşrut üzrə avtobuslar artıq təxminən bir ildir yenilənmiş formada istismar olunur və marşrut hazırda kifayət qədər intensiv işləyir. Lakin onun sözlərinə görə, buna baxmayaraq, daxili tərtibat və sərnişinlərin məlumatlandırılması sahəsində ciddi çatışmazlıqlar qalmaqdadır.

Ekspert qeyd edib ki, avtobus salonunda yerləşdirilən bəzi yazılar dövlət dilində deyil, rus dilində təqdim olunur, sürücü və daşıyıcı təşkilatla bağlı isə heç bir məlumat mövcud deyil:

"Marşrutun gediş–dönüş istiqamətləri, eləcə də dayanacaqların tam siyahısı nə elektron lövhələrdə, nə də çap olunmuş formada sərnişinlərə təqdim edilir. Hazırda avtobuslarda olan yeganə məlumat ön və daxili hissədə əks olunan başlanğıc və son dayanacaqla məhdudlaşır.

38 nömrəli marşrut "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, "Gənclik" metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirir və avtobuslar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərir. Bu mərhələdə əsas diqqət artıq avtobus parkının yenilənməsindən çox, məlumatlandırma standartlarının tam tətbiqinə və sərnişinlər üçün xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir".

Qalereya

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью