Bakıdakı tıxaclar insanları ölümə aparır

28.01.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şəhər həyatında yol tıxacları artıq adi hal alıb. Amma çox vaxt fərqinə varmadan sinir sistemimizi ciddi şəkildə yüklədiyini görmürük".

Bu barədə həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, tıxac zamanı beyin bunu nəzarət itkisi və gecikmə təhlükəsi kimi qəbul edir.

"Nəticədə simpatik sinir sistemi aktivləşir: ürək döyüntüsü sürətlənir, təzyiq yüksəlir. Əzələlər, xüsusilə boyun və çiyinlər gərginləşir. Bu vəziyyət tez-tez təkrarlananda orqanizm sanki daimi "həyəcan rejimi"ndə qalır", - deyə həkim bildirib.

Vüsalə Nuriyeva həmçinin vurğulayıb ki, uzunmüddətli tıxaclar diqqət və emosional tənzimləməni zəiflədir:

"İnsan daha səbirsiz, tez əsəbiləşən olur, axşam saatlarında isə zehni yorğunluq və baş ağrıları artır. Migreni olanlarda tıxaclar tez-tez tutmanı başladan amillərdən birinə çevrilir".

Həkim deyir ki, digər mühüm məsələ yuxudur:

"Gün ərzində yığılan stres axşam tam boşalmır, kortizol səviyyəsi yüksək qalır və yuxunun keyfiyyəti pozulur. Bu da növbəti gün sinir sisteminin stresə davamlılığını daha da azaldır.

Yol tıxacları sadəcə vaxt itkisi deyil. Onlar müasir insan üçün səssiz, amma davamlı bir nevroloji stres mənbəyidir. Kiçik fasilələr, düzgün nəfəs, real gözləntilər və stresin fərqində olmaq sinir sistemimizi qorumaq üçün düşündüyümüzdən daha önəmlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью