Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Hikmət Hacıyevin sadə mesajının dərin fəlsəfəsi
Bəzən bir cümlə onlarla bəyanatdan, çoxlu sayda fikirdən daha böyük məna daşıyır, daha təsirli səslənir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “CNN Türk” telekanalına müsahibəsində dilə gətirdiyi bu cümlə də müstəsna mənəvi təsir gücünə malikdir. Cənab Hacıyev son dərəcə sadə şəkildə bildirdi: “Zəngəzur dəhlizi açıldıqdan sonra Bakıdan öz şəxsi minik avtomobilinizlə heç bir maneə olmadan İstanbula qədər gedə biləcəksiniz”.
Bəli, bu cümlə sadəcə avtomobil marşrutunun təsviri deyil, əsrlərin ayrılığından sonra yenidən qovuşan coğrafiyanın, bərpa olunan tarixi yaddaşın və bütövlükdə Türk dünyasının yeni geosiyasi nəfəsinin ifadəsidir. Elə bir nəfəs ki, hənirtisi məsafələri qısaldır.
Bakıdan İstanbula uzanan birbaşa yol çoxdan mövcuddur. Ancaq o yol xəritələrdə deyil, tarixdə yaşayırdı. Karvanların keçdiyi İpək yolu, alimlərin, şairlərin, tacirlərin və sərkərdələrin ayaq izləri ilə formalaşan böyük sivilizasiya xətti zaman-zaman müharibələr, imperiya sərhədləri və siyasi maneələr səbəbindən parçalanmışdı. XX əsrin faciələri də bu coğrafiyanı bir-birindən ayırdı, təbii əlaqələri süni maneələrlə əvəzlədi. Budur, XXI əsrdə Azərbaycan həmin tarixi axını yenidən öz məcrasına qaytarır.
Bu gün Zəngəzur dəhlizi haqqında danışarkən, söhbət təkcə dəmir yolundan, magistraldan və ya logistika layihəsindən getmir. Söhbət Azərbaycanın həyata keçirdiyi yeni regional fəlsəfədən gedir. Bu fəlsəfənin mərkəzində qarşıdurma deyil, bağlantı, təcrid deyil, inteqrasiya, divarlar deyil, yollar dayanır. Məhz buna görə Hikmət Hacıyevin səsləndirdiyi fikir milyonlarla insanın anlaya biləcəyi sadə, lakin olduqca dərin bir mesajdır. İnsan öz avtomobili ilə Bakıda sükan arxasına keçib İstanbulda yolunu başa vurursa, deməli, həmin coğrafiyada artıq yeni siyasi reallıq formalaşıb. Onu da deyək ki, bu, sərhədlərin ləğvi deyil, onların əməkdaşlıq məkanına çevrilməsidir. Azərbaycan məhz bu nəticəyə nail olub.
Azərbaycan son illərdə regionda nəhəng infrastruktur yaradıb. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yollar, tunellər, körpülər və dəmir yolu xətləri təkcə azad edilmiş torpaqların bərpasına xidmət etmir. Onlar gələcəyin beynəlxalq nəqliyyat arteriyalarının əsasını təşkil edir. Bu layihələrin hər kilometri Azərbaycanın gələcəyə hesablanmış dövlət strategiyasının bir hissəsidir. Bakıdan İstanbula marşrut da, əslində, daha böyük coğrafiyanın simvoludur. Bu yol Xəzərdən Aralıq dənizinə, Orta Asiyadan Avropaya qədər uzanan yeni iqtisadi məkanın onurğa sütununa çevrilə bilər. Burada təkcə yük daşınmayacaq. Burada ideyalar, investisiyalar, mədəniyyətlər və insanlar hərəkət edəcək. Yollar iqtisadiyyatı birləşdirdiyi kimi, xalqlar arasında etimadı da möhkəmləndirəcək.
Böyük dövlətlər həmişə yollar salıblar. Qədim Roma da yolları ilə qüdrət qazanmışdı. İpək yolu Asiyanı Avropa ilə birləşdirdi. Bu gün isə Zəngəzur dəhlizi Cənubi Qafqazın yeni geosiyasi xəritəsini formalaşdıran əsas layihələrdən biri kimi çıxış edir. Onun əhəmiyyəti yalnız bugünkü iqtisadi göstəricilərlə ölçülə bilməz. Ən böyük nəticə gələcək nəsillərin yaşayacağı daha bağlı, daha təhlükəsiz və daha sabit region olacaq.
Bakıdan İstanbula avtomobillə maneəsiz getmək ilk baxışdan sadə görünə bilər. Lakin bu sadəliyin arxasında illərlə aparılan diplomatik mübarizə, Vətən müharibəsində qazanılmış tarixi Zəfər, genişmiqyaslı bərpa layihələri və uzaqgörən dövlət strategiyası dayanır.
Bəzən tarix bir yolun açılması ilə dəyişir. Zəngəzur dəhlizi də məhz belə yoldur. O, təkcə şəhərləri deyil, taleləri birləşdirəcək. Təkcə ölkələri deyil, bütöv bir coğrafiyanın gələcəyini bir-birinə bağlayacaq. Bakıdan İstanbula uzanan yol isə həmin gələcəyin ən aydın və ən təsirli simvollarından biri olacaq.
Ə.RÜSTƏMOV
XQ