Bakını 15 sentyabr tıxacına belə hazırlayırlar

18.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi çərçivəsində avqustun 15-dən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. 

İşlərin təxminən 10–11 ay davam edəcəyi və bu müddətdə “Cəfər Cabbarlı” – “Nizami” istiqamətində yeni tunellərin inşa olunacağı bildirilir. 

Sentyabrın 15-dən yeni tədris ilinin başlanması ilə əlaqədar yaranacaq sərnişin sıxlığının qarşısını almaq üçün avtobusların sayı artırılacaq və marşrutlarda hərəkət intervalı azaldılacaqmı? 

AYNA-nın mətbuat katibi Tural Orucov “Cebheinfo.az”-a bildirib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə start verildiyi üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilərək vətəndaşlarının ixtiyarına verilib. “Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. 

Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir. Eyni zamanda, 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb. 

Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda, sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır”. 

Aişə
“Cebheinfo.az”

Açar sözlər: tıxac Tural Orucov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью