Icma.az, Axar.az saytına istinadən bildirir.
MDB köhnəlməyib, təşkilat funksional baxımdan yenidən qurulma mərhələsini yaşayır. Azərbaycan Rusiya, Türkiyə, Qərb ölkələri və MDB ilə ikitərəfli əlaqələrini eyni zamanda inkişaf etdirir. Bu əlaqələr, əsasən, ticarət və nəqliyyat marşrutlarının inkişafına yönəlib.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaşkov “Moskva-Baku”ya müsahibəsində deyib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ticarət dinamikasını, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin tranzit potensialını xüsusi vurğulayıb. Bu isə Bakının MDB-ni siyasi və ideoloji platforma deyil, iqtisadi alət kimi görməkdə maraqlı olduğunu göstərir. Azərbaycan mühüm tranzit qovşağı və Xəzər regionunda siyasi aktor kimi MDB-nin yenilənməsindən təbii olaraq faydalanır. Bu baxımdan, Bayramovun Bakının MDB ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyi barədə bəyanatı konkret iqtisadi maraqlara əsaslanır. Bakı MDB-nin üzvü olaraq qalmaqla Moskva, Ankara və Qərb arasında uğurla balans yaradır. Məhz bu cür praqmatik yanaşma Birliyin effektiv fəaliyyətini təmin edən vasitədir.
C6 formatının yaradılması Xəzər dənizindən Çin sərhədlərinədək uzanan vahid məkanın formalaşdırılması deməkdir. Azərbaycan Mərkəzi Asiya ilə Qafqaz arasında körpüyə çevrilib. Bu formatın yaradılmasının arxasında əslində hansı maraqlar dayanır? Məncə, burada üç əsas amil var. Birincisi, nəqliyyat məsələsidir. Söhbət məhz Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Türkiyə – Avropa marşrutu üzrə uzanan Orta Dəhlizdən gedir. Bu dəhliz bütün iştirakçılar üçün strateji prioritetə çevrilir. Rəsmi Bakı birbaşa tranzitin rəqəmsallaşdırılması və prosedurların sadələşdirilməsinin zəruriliyinə işarə edir.
İkincisi, energetika, daha dəqiq desək, “yaşıl” gündəmdir. Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq qurur.
Üçüncüsü isə Xəzər və Aral dənizlərinin səviyyəsinin aşağı düşməsi təhlükəsi, gəmiçilik üçün yaranan risklər, eləcə də Əfqanıstan sərhədindəki qeyri-sabitlikdir. Bütün bunlar dəqiq kollektiv reaksiya tələb edir. Bu formatda Bakı tamhüquqlu və bərabərhüquqlu üzv kimi yer alıb”, - o bildirib.