Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Paytaxtda bəzi yerüstü keçidlərdə ciddi antisanitar vəziyyət müşahidə olunur.
İnsanların gündəlik istifadə etdiyi bu infrastrukturların baxımsız qalması həm gigiyenik, həm də təhlükəsizlik baxımından narahatlıq yaradır.
“Cebheinfo.az” xəbər verir ki, Bakı–Şamaxı avtomobil yolunun Sulutəpə istiqamətində yerləşən yerüstü keçid də bu baxımdan diqqət çəkir. Burada müşahidə olunan mənzərə uzun müddətdir təmizlik və texniki baxım işlərinin yetərli səviyyədə aparılmadığını göstərir.
Keçidin divar və şüşə səthləri çirklənib, bəzi yerlərdə o həddə çatıb ki, keçidin içindən xarici mühitin görünməsi belə çətinləşib. Vətəndaşların təhlükəsiz şəkildə keçidindən ötrü nəzərdə tutulan bu infrastrukturun hazırkı vəziyyəti isə əksinə, əlavə risklər yaradır.
Pilləkən hissələrində ciddi aşınma və fiziki zədələnmələr müşahidə olunur. Beton örtüyünün bəzi hissələri qopub-dağılmış vəziyyətdədir, bu isə xüsusilə yağışlı və ya qaranlıq saatlarda sürüşmə və yıxılma ehtimalını artırır.
Eyni zamanda, səthin qeyri-bərabər olması hərəkət edən insanlar üçün əlavə çətinlik yaradır. Keçidin daxilində və ətrafında təmizlik işlərinin aparılmaması ümumi mənzərəni daha da ağırlaşdırır. Zibil qalıqları, tozlanma və baxımsızlıq həm vizual narahatlıq yaradır, həm də gigiyenik baxımdan suallar doğurur.
Yoldakı təhlükəni və hərəkətin axıcılığını nəzərə alaraq, insanların sıx istifadə etdiyi bir məkanın bu vəziyyətdə olması ictimai məkanların saxlanılması və nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar ortaya çıxarır.
Mövcud durum göstərir ki, yerüstü keçidlərin yalnız tikilməsi deyil, onların mütəmadi təmizlənməsi, texniki baxışı və təhlükəsizlik standartlarına uyğun saxlanılması da eyni dərəcədə vacibdir.
Əks halda, bu cür obyektlər öz əsas funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Sakinlər isə belə vəziyyətlərin aradan qaldırılması üçün aidiyyəti qurumların daha operativ müdaxiləsinə və mütəmadi nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu bildirirlər.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin