Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakıda avtobus marşrutlarının uzunluğu və dayanacaq sayları ilə bağlı maraqlı göstəricilər açıqlanıb. Məlumatlara əsasən, paytaxtın ən uzun avtobus marşrutu 149 nömrəli xətt, ən qısa marşrutu isə 56 nömrəli avtobusdur.
Avtosfer.az xəbər verir ki, OpenStreetMap (OSM) xəritəsindəki məlumatlara görə, 149 nömrəli avtobus Sahil metro stansiyasından Sahil qəsəbəsinə qədər təxminən 36 kilometr məsafə qət edir. Bu göstərici onu Bakı üzrə ən uzun marşrut kimi fərqləndirir.
Ən qısa avtobus marşrutu isə 56 nömrəli xətdir. Onun ümumi uzunluğu təxminən 4 kilometr təşkil edir. Beləliklə, paytaxtın ən uzun və ən qısa avtobus marşrutları arasında təxminən 32 kilometrlik fərq var.
Dayanacaqların sayına görə isə 205 nömrəli avtobus diqqət çəkir. Təqdim olunan məlumatda bu marşrutun 35 kilometr uzunluğunda olduğu və ümumilikdə 60 dayanacağı əhatə etdiyi göstərilir.
Qeyd edək ki, marşrutun uzunluğu ilə sərnişinin yolda keçirdiyi vaxt eyni göstərici deyil. Tıxaclar, yol şəraiti və dayanacaqlarda gözləmə müddəti səfərin davamiyyətinə təsir göstərir. Hazırda tıxac səbəbindən ən çox vaxt aparan avtobus marşrutu ilə bağlı rəsmi müqayisəli məlumat təqdim olunmur.
Eltac Zülfüqaroğlu