Icma.az, Bizim media saytına istinadən bildirir.
Bülbül prospektində, əsas mərkəzi yolda bir neçə çat müşahidə olunur. Ümumiyyətlə Səməd Vurğun küçəsi və Bülbül prospektinin asfalt örtüyündə belə çatlar uzun müddətdir ki, mövcuddur.
Söhbətin köməkçi yollardan yaxud qəsəbə yollarından getmədiyini nəzərə alsaq, asfaltın hazırki vəziyyəti mərkəzi yola uyğun şəkildə deyil. Konkret olaraq Bülbül prospekti 65-də yaranmış çatlar hazırda ciddi təhlükə yaratmasa da, getdikcə dərinləşdiyi görünür.
Halbuki on gün öncə müşahidə apararkən həmin çatlar daha səthi idi.
Bu hal vaxtında tədbir görülmədiyi təqdirdə gələcəkdə yol örtüyünün zədələnməsinə və hərəkət zamanı narahatlığa səbəb ola bilər.
Yolun mərkəzi və intensiv istifadə olunduğunu nəzərə alaraq, problemin nəzarətdə saxlanılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.
Qurumdan Bizim.Media-ya bildirildi ki, asfalt örtüyündə belə çatın yaranması normal haldır, narahat olacaq problem yoxdur. Bununla belə, baxış keçirilməsi üçün ərazi üzrə tabeli quruma məlumat veriləcək ki, yaxın müddətdə asfalt örtükdə cari təmir işləri icra edilsin.
Şəfiqə Şəfa, Bizim.Media