Bakının mesajı: din siyasətə alət edilməməlidir!

22.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin köməkçisi hansı vacib məqamları vurğuladı?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dubayda keçirilən Ərəb Media Forumunun “Euronews” panel iclasında səsləndirdiyi fikirlər son dərəcə vacibdir. Söhbət H.Hacıyevin ilk növbədə, “Azərbaycan öz suveren ərazisindəki xristian irsini, onun mənsubiyyətindən asılı olmayaraq qorumağa sadiqdir. Bu, bizim mədəni irsimizdir” fikrindən gedir.

Deməli, hazırkı şəraitdə regionda sülh əsas götürülürsə, din amili ilə spekulyasiyalardan da uzaq durulmalıdır. Uzaq durulurmu? Ümumən siyasi möhtəkirlikdən uzaq durulmur ki, H.Hacıyev Azərbaycanın sülh prosesi xüsusunda dezinformasiya ilə üzləşməkdə davam etdiyini, Avropa Parlamentinin bəzi qətnamələrinin regionda sülh gündəliyinə mənfi təsir göstərdiyini bildirib. “Avropa Parlamenti problemin həllinin bir hissəsi deyil, problemin bir hissəsidir”, – deyən Prezidentin köməkçisi qurumun fərqli gündəliyinin olduğunu da vurğulayıb.

Bəli, Azərbaycan xristian irsini öz milli-mədəni irsinin ayrılmaz hissəsi hesab edir və Aİ-dən Cənubi Qafqazın dini-mədəni irsinə münasibətdə birtərəfli deyil, bütün regionu əhatə edən və balanslı yanaşma gözləyir. “Müharibəni qazandıq, indi isə sülhü qazanırıq. Bu, çətin mübarizədir”, – deyən H.Hacıyev ölkəmizi dini müxtəlifliyin məkanı kimi vurğulamasında, Ermənistanla barış mühitinin qərarlaşmasının vacibliyinə toxunması ilə paralel şəkildə Avropa İttifaqının üzərinə gəlməsində, həmçinin qurumun Cənubi Qafqaz siyasətinin yalnız bir ölkə üzərində cəmlənməməli olduğunu deməsində son dərəcə incə mətləb var. Axı Aİ-nin, bütövlükdə, Qərb aləminin din amilindən Cənubi Qafqazda münaqişə məntiqini qorumaq üçün yararlandığını bilirik.

Tam əminliklə deyə bilərik ki, otuz ilə yaxın müddətdə, eyni zamanda, din amili Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması üçün, bir növ, sipər idi. Elə bir sipər ki, özündə dərin təəssübkeşlik qatlarını saxlayırdı. Elə bir sipər ki, hətta beynəlxalq hüququ belə çeynəməyə, onu saymazdan gəlməyə imkan verirdi. Təsəvvür edin, İkinci Qarabağ müharibəsinin ilk günlərində Qərbin bəzi media orqanları müsəlman Azərbaycanının xristian Ermənistana qarşı hücuma keçdiyi cəfəngiyyatını tirajlayır, ikincinin müdafiəsi üçün, az qala, tarixi səlib yürüşlərini təkrarlamağın təbliğatını aparırdılar.

Qeyd edək ki, müharibədən sonra da Qərb aləmi eyni “xətti” qorudu. Bu dəfə məsələ daha dramatik şəkildə qoyuldu. Sən demə, Azərbaycan Qarabağdakı bir qrup xristian ermənini yaşamağa qoymur, hayların hüquq və azadlıqlarına biganəlik göstərir və sair ilaxır. Yəni bu dəfə din amilindən istifadə ilə ölkəmizin ərazisindəki separatizmi qorumaq mahiyyətinə köklənənlər tapıldı. Onlar Ermənistan rəhbərliyinə dəstək verərək, Qarabağ ermənilərinə beynəlxalq təminat oyunbazlığına girişdilər. Lakin istəkləri puça çıxdı...

İndi isə H.Hacıyev Azərbaycanın daha geniş İslam sivilizasiyasının bir hissəsi olduğunu, eyni zamanda, ölkədə İslam, xristianlıq və yəhudilik dinlərinin təmsil olunduğunu qeyd edir, vurğulayır ki, ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar mövcuddur. O, sözügedən panel iclasda, Azərbaycanın dini və mədəni tarixindən danışarkən, həmçinin ölkənin zərdüştiliyin qədim mərkəzlərindən biri olduğunu, IV əsrdən etibarən bölgədə xristianlığın da mövcudluğunu vurğulayıb, Qafqaz Albaniyası dövlətinin xristianlığı dövlət dini kimi qəbul etdiyini diqqətə çatdırıb.

Yəni Azərbaycan hazırda İslam dövləti statusuna baxmayaraq, onun xristian irsi də var və bu cəhətə beynəlxalq birlik həssas yanaşmalıdır. O cümlədən Aİ və Avropa Parlamentinin rüşvət müqabilində ağızlarını ermənipərəst təəssübkeşlik naminə köpükləndirən deputatları. O deputatlar ki, ayrı-ayrı çıxışlarında təəssübkeşliklərinə dini motiv qatmağı yaddan çıxarmır, Azərbaycanı, az qala, xurafatın, digər dinlərə qarşı dözümsüzlüyün məkanı qismində təqdim edəcək qədər həyasızlıq libası geyirlər. Prezidentin köməkçisinin barəsində söz açdığı bölücü xətlər məhz belə yaradılır. H.Hacıyev diqqəti həmin xətlərin sıradan çıxarılmasının zəruriliyinə yönəldir.

Bu gün Azərbaycan, H.Hacıyevin vurğuladığı kimi, Avropanın enerji təhlükəsizliyinə töhfə verirsə, Aİ-nin 16 üzv ölkəsinə, eləcə də “köhnə qitə”nin digər məmləkətlərinə qaz çatdırırsa, deməli, ona münasibətdə ənənəvi klişelərdən uzaq durulmalı, ədalətli və obyektiv mövqe tutulmalıdır. Ən əsası, ölkəmizin böyük səylə irəliyə apardığı sülh prosesi hansısa sərsəm dini sxematikanın, təfriqə meylinin qurbanına çevrilməməlidir.

Ədalətli yanaşmadan və obyektivlikdən söz düşmüşkən, Aİ-nin Cənubi Qafqazda həm də xristianlığın məskəni kimi Ermənistana fokuslanmasının özü yolverilməzdir və bəsitlikdən qaynaqlanır. Ən pisi isə odur ki, bu bəsitlikdə ciddi saxtakarlıq var. O saxtakarlıq ki, onun bilavasitə siyasi məqsədlərin reallaşdırılmasına, siyasi oyunbazlığa xidmət etdiyi birmənalıdır. Oyunbazlıq erməni xristian maşası ilə türk-müsəlman dünyasını parçalamaq məramı güdürdü. H.Hacıyev isə o dövrün geridə qaldığını vurğulayır. Bu mənada, Prezidentin köməkçisinin aşağıdakı fikirləri həm də çağırış kimi səslənir. Həm çağırış, həm də xəbərdarlıq: “Yəqin ki, Ermənistan hökuməti və Ermənistan rəhbərliyi də öz xalqını sülhə hazırlamaq üzərində işləməlidir”.

Əlbəttə, Ermənistan hakimiyyəti sülh yolunda qətiyyət göstərməlidir. Bəlkə müəyyən qədər göstərir də. Amma bu, yetərli deyil. Ona görə də H.Hacıyev bildirib ki, Ermənistan və erməni diasporunda revanşist qüvvələr hələ də güclüdürlər və Bakı-İrəvan sülh prosesinə maneçilik törətməyə çalışırlar. Yəni İrəvanın sülh qətiyyəti belələrinin sıradan çıxarılması məramını önə çəkməlidir, bu, öz yerində. O da məlumdur ki, Ermənistandakı revanşist və şovinistlər, əsasən, rusbaşlılardan ibarətdirlər. O zaman belə bir nəticə hasil olur: AP kimi ermənipərəst mövqedən çıxış edən qüvvələr obyektivliyə kölgə salmaqla, o cümlədən din amili ilə spekulyasiyaya yol verməklə, həm də Rusiyanın siyasi mətbəxinin mənafeyi naminə çalışırlar. Onlardan – xirtdəyədək rüşvətə bulaşmış çirkin xislətlilərdən – nə desən gözləmək mümkündür. Çünki müqəddəs bildikləri heç bir dəyər yoxdur.

Deməli, Avropa, necə deyərlər, məhvərinə qayıtmalı, ilk növbədə, öz prinsiplərinə sahib çıxmalıdır. Sahib çıxmalıdır ki, qitənin müxtəlif qurumlarında təmsil olunan kimlərsə öz lokal maraqlarını həmin prinsiplərdən üstün tutmasınlar. Sahib çıxmalıdır ki, Aİ-nin yaşadığımız mürəkkəb regiona yanaşmasında sivil ahəng formalaşsın.

Azərbaycan Aİ və qitənin digər təsisatları ilə münasibətlərdə məhz sivil düzəni yaratmaq üçün səylər göstərib və yenə də göstərməkdədir. Lakin ölkəmizin yalnız göstərdiyi güc fayda verib. Yəni Ermənistanın da, onun dünyadakı, habelə Avropadakı havadarlarının anladıqları gücün dili olub. Elə həm də buna görədir ki, H.Hacıyev rəsmi Bakının mesajını çatdırır: “Avropa İttifaqının siyasəti yeni tərəfdaşlıq konsepsiyasının qurulmasına yönəlməlidir, bölücü xətlər yaratmağa yox”.

Əvəz RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью