Bakının sovetdən qalma kooperativ binaları ilə bağlı deputatdan TƏKLİF

16.11.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Cənab Prezident son çıxışlarında xaricdən qaynaqlanan ideoloji təsirlərlə bağlı çox mühüm məsələlərə toxunub. Bu təsirlərin əsas hədəflərindən biri milli birliyimiz, dövlətçilik maraqlarımız, kimliyimiz və gənclərimizdir. Bu baxımdan ölkədə fəaliyyət göstərən və xaricdən maliyyələşən bəzi qurumların ideoloji müdaxilələrinə adekvat cavab verilməsi, gənclərin bu istiqamətdə daha fəal iştirakının təmin edilməsi məqsədilə onlara ayrılan illik 5,3 milyon manatlıq büdcəyə yenidən baxılmasını təklif edirəm".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Azay Quliyev bildirdi.

O hesab edir ki, bu vəsait artırıla bilər:

"Gənclərin bu işdə daha fəal olması üçün onlara daha geniş səlahiyyət və vəzifələr verilməlidir".

Millət vəkili ikinci təklifinin Bakı şəhərində sovet dövründə inşa edilmiş kooperativ binalarla bağlı olduğunu bildirdi:

"Bilirsiniz ki, büdcədə dövlət balansında olan yaşayış binalarının dam örtüklərinin, fasadlarının və daxili kommunikasiya xətlərinin təmiri üçün 60 milyon manat vəsait nəzərdə tutulub. Lakin kooperativ binalar dövlət balansında olmadığı üçün həmin vəsaitdən istifadə edə bilmirlər. Əlbəttə, hüquqi baxımdan dövlətin yanaşması doğrudur, lakin bu, problemi həll etmir. Çünki həmin binaların sakinlərinin də bu işləri öz hesablarına həyata keçirmək üçün imkanları yoxdur. Onlar binaların təmirini təmin edə və bunun üçün lazımi vəsaiti toplaya bilmirlər. Məncə, bu məsələnin həlli üçün iki yol mümkündür. Birincisi, həmin binaların vəziyyətinin qiymətləndirilməsi məqsədilə komissiya yaradılsın və binaların dövlət balansına verilməsi məsələsinə baxılsın. Düşünürəm ki, sakinlər də bu qərarı məmnuniyyətlə qarşılayarlar. Əgər bu mümkün deyilsə, heç olmasa, birdəfəlik olaraq həmin binaların qeyd etdiyimiz istiqamətlər üzrə təmiri üçün vəsait ayrılsın. Təbii ki, vəsait ayrıldıqdan sonra həmin binaların saxlanılması sakinlərin öz öhdəliyinə verilməlidir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью