Bakının təşəbbüsləri qlobal ekoloji əməkdaşlığa yeni yön verir

19.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkəmizin su təhlükəsizliyi və “yaşıl enerji” gündəliyi  COP31-in diqqət mərkəzindədir
İqlim dəyişmələri bu gün dünyanın ayrı-ayrı regionlarının ekoloji problemi olmaqla bərabər, həm də qlobal təhlükəsizliyə, iqtisadi inkişafa, ərzaq təminatına, enerji siyasətinə və insanların sosial şəraitinə birbaşa təsir göstərən önəmli çağırış kimi diqqət çəkir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıqların və daşqınların intensivləşməsi, buzlaqların əriməsi, su ehtiyatlarının azalması bütün dövlətləri yeni reallıqlara uyğunlaşmağa, ekoloji təhlükələri  qabaqlamağa və birgə fəaliyyət mexanizmləri formalaşdırmağa sövq edir.
Belə bir şəraitdə iqlim diplomatiyasının əsas vəzifəsi təkcə mövcud problemləri beynəlxalq müzakirələrin mövzusuna  çevirmək deyil, həm də bununla bağlı qəbul edilən qərarların real nəticələr verməsinə nail olmaqdır. Azərbaycanın son illərdə bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər, xüsusilə COP29-a sədrliyi dövründə formalaşdırılan su diplomatiyası və onun davamlı inkişafının diqqətdə saxlanılması   ölkəmizin beynəlxalq ekoloji əməkdaşlıqda fəal mövqeyini nümayiş etdirir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı – COP31 çərçivəsində keçirilən müzakirələr, yüksəksəviyyəli görüşlər və imzalanan əməkdaşlıq sənədləri Azərbaycanın iqlim gündəliyində müəyyənləşdirdiyi prioritetlərin ardıcıl şəkildə gerçəkləşdirildiyini göstərir. Xüsusilə “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” təşəbbüsünün növbəti mərhələyə qədəm qoyması, Xəzər dənizinin ekoloji vəziyyətinin beynəlxalq müstəvidə müzakirəsi, Tacikistanla ekoloji əməkdaşlığın genişləndirilməsi və təmiz enerji sahəsində regional tərəfdaşlığın gücləndirilməsi bu baxımdan mühüm önəm daşıyır. 
İqlim diplomatiyasının yeni hədəfləri
Azərbaycanın COP29-a sədrliyi dövründə irəli sürdüyü mühüm təşəbbüslərdən biri su resurslarının iqlim dəyişmələri ilə mübarizənin əsas istiqamətlərindən biri kimi beynəlxalq gündəlikdə daha geniş yer almasına nail olmaq idi. 2024-cü ildə Bakıda “İqlim fəaliyyəti naminə su” mövzusunda COP29 Bəyannaməsinin irəli sürülməsi məhz bu məqsədə xidmət edirdi. 
Təşəbbüsün əsas mahiyyəti su probleminə təkcə təbii ehtiyatların idarə olunması məsələsi kimi deyil, iqlim dəyişmələrinə uyğunlaşma, ərzaq təhlükəsizliyi, enerji istehsalı, biomüxtəlifliyin qorunması və ictimai sağlamlıqla sıx bağlı kompleks məsələ kimi yanaşmaqdan ibarətdir. Çünki su ehtiyatlarının azalması və onların qeyri-bərabər paylanması birbaşa kənd təsərrüfatının məhsuldarlığına, sənayenin fəaliyyətinə, hidro­energetikanın imkanlarına, əhalinin yaşayış şəraitinə və bütövlükdə iqtisadiyyatın dayanıqlılığına mənfi təsir göstərir.
COP29 çərçivəsində yaradılan “Bakı dialoqu”  məhz bu əlaqələrin daha sistemli şəkildə nəzərə alınmasına, beynəlxalq öhdəliklərin əməli fəaliyyətlə uzlaşdırılmasına hesablanıb. Təşəbbüs “COP-dan COP-a platforması” adlandırılmaqla davamlı əməkdaşlıq mexanizmi kimi nəzərdə tutulub. 
COP31 çərçivəsində “İqlim fəaliyyəti naminə su üzrə Bakı Dialoqu”nun ikinci yüksəksəviyyəli görüşündə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev də məhz bu məqama diqqət çəkərək bildirib ki, respublikamızın  2024-cü ildə irəli sürdüyü təşəbbüsün əsas məqsədi beynəlxalq iqlim gündəliyində su resurslarına daha güclü və davamlı yer qazandırmaq olub. İndi isə əldə edilmiş irəliləyişi ayrı-ayrı ölkələr və icmalar üçün konkret nəticələrə çevirmək qarşıya mühüm vəzifə kimi qoyulub.  
Bu yanaşma iqlim diplomatiyasının keyfiyyətcə yeni mərhələyə keçməsinin vacibliyini ifadə edir. Çünki beynəlxalq kon­franslarda səsləndirilən bəyanatlar və qəbul olunan sənədlər təkcə onların icrası üçün işlək mexanizmlər formalaşdırıldıqda real əhəmiyyət qazanır. Su ehtiyatlarının milli iqlim siyasətinə daxil edilməsi, monitorinq sistemlərinin təkmilləşdirilməsi, elmi tədqiqatların genişləndirilməsi və erkən xəbərdarlıq mexanizmlərinin yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Muxtar Babayevin vurğuladığı kimi, “Bakı dialoqu”  su resurslarının milli səviyyədə müəyyənləşdirilən töhfələrə və milli uyğunlaşma planlarına inteqrasiyası istiqamətində  əhəmiyyətli təlimatlar təqdim edir. Bu isə dövlətlərin iqlim öhdəliklərini hazırlayarkən su təhlükəsizliyini ayrıca və sistemli prioritet kimi nəzərə almasına imkan yaradır.
Əslində, bu istiqamətdə görülən işlərin əhəmiyyəti onunla ölçülür ki, su problemi iqlim dəyişmələrinin həm səbəblərindən doğan nəticələri, həm də həmin nəticələrə uyğunlaşma imkanlarını özündə birləşdirir. Su ehtiyatlarının səmərəli idarə olunması kənd təsərrüfatında məhsuldarlığın qorunmasına, enerji sistemlərinin dayanıqlığına, şəhərlərin iqlim risklərinə davamlığına və ekosistemlərin mühafizəsinə xidmət edir. Deməli, su təhlükəsizliyi artıq yalnız ekoloji qurumların deyil, iqtisadiyyat, energetika, kənd təsərrüfatı, səhiyyə və regional inkişaf siyasətini həyata keçirən bütün dövlət institutlarının ortaq məsuliyyətidir.
Zəruri əməkdaşlıq və qlobal məsuliyyət
Su ehtiyatlarının idarə olunmasında ən mürəkkəb məsələlərdən biri onların dövlət sərhədlərini aşan xarakter daşımasıdır. Çayların, göllərin və digər su hövzələrinin bir neçə ölkənin ərazisindən keçməsi bu ehtiyatların qorunmasını və bölüşdürülməsini regional əməkdaşlıq məsələsinə çevirir.
Muxtar Babayev çıxışında BMT-nin “UN-Water” təşkilatının məlumatlarına istinad edərək bildirib ki, hazırda 153 ölkə transsərhəd su ehtiyatlarını bölüşür. Bu ehtiyatlar qlobal şirin su axınlarının, təxminən, 60 faizini təşkil edir. Rəqəmlər problemin miqyasını və onun həllində beynəlxalq əməkdaşlığın nə qədər vacib olduğunu aydın göstərir.
Belə şəraitdə hər hansı bir ölkənin su siyasətini təkcə öz milli sərhədləri daxilində müəyyənləşdirməsi kifayət etmir. Çayların yuxarı və aşağı axınında yerləşən dövlətlərin maraqlarının uzlaşdırılması, su ehtiyatlarının istifadəsində şəffaflığın təmin olunması, ekoloji normalara riayət edilməsi və elmi məlumatların mübadiləsi vacib şərtlərdir.
Azərbaycan üçün bu məsələnin xüsusi strateji əhəmiyyəti var. Belə ki, respublikamızın yerüstü su ehtiyatlarının 70 faizdən çoxu ölkə hüdudlarından kənarda formalaşır. Bu reallıq su təhlükəsizliyinin yalnız daxili idarəetmə mexanizmlərindən asılı olmadığını, həm də qonşu dövlətlərlə konstruktiv münasibətlərin və qarşılıqlı anlaşmanın vacibliyini önə çıxarır.
Azərbaycan ortaq çaylar üzrə qonşu ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bununla yanaşı, su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq təşkilatların daha fəal iştirakına ehtiyac var. Belə qurumlar dövlətlər arasında qarşılıqlı məqbul razılaşmaların əldə edilməsinə, elmi biliklərin, eləcə də təcrübənin bölüşdürülməsinə, monitorinq və qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsinə mühüm töhfə verə bilər.
Burada əsas məsələ su ehtiyatlarının istifadəsinə təkcə iqtisadi maraqlar müstəvisindən yanaşmamaqdır. Transsərhəd çayların ekoloji vəziyyəti, suyun keyfiyyəti, çirklənmənin qarşısının alınması və çay ekosistemlərinin qorunması da eyni dərəcədə diqqətdə saxlanılmalıdır.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, su təhlükəsizliyi qarşıdurma deyil, əməkdaşlıq mənbəyinə çevrilməlidir. Bu yanaşma regional sabitliyin möhkəmlənməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və gələcək nəsillərin ekoloji maraqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Çağdaş ekoloji çağırışın əks-sədası 
COP31 çərçivəsində keçirilən yüksəksəviyyəli tədbirlər arasında Xəzər dənizinin ekoloji vəziyyətinə həsr olunan müzakirələr xüsusi diqqət çəkib. Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın rəsmilərinin, eləcə də BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersenin iştirak etdiyi sessiya Xəzərin gələcəyinin beynəlxalq səviyyədə müzakirə olunmasının vacibliyini bir daha təsdiqləyib.
Xəzər dünyanın ən böyük qapalı su hövzəsi olmaqla, 5 sahilyanı dövlətin iqtisadi, ekoloji və geosiyasi maraqlarının kəsişdiyi mühüm məkandır. Dənizin əhəmiyyəti yalnız enerji ehtiyatları, nəqliyyat-kommunikasiya imkanları və balıqçılıqla məhdudlaşmır. Xəzər həm də özünəməxsus biomüxtəlifliyi, sahil ekosistemləri və regionun iqlim tarazlığı baxımından əvəzsiz təbii sərvətdir.
Lakin son illərdə dənizdə müşahidə olunan su səviyyəsinin davamlı azalması ciddi narahatlıq doğurur. Hazırda dünyanın bir sıra regionlarında dəniz səviyyəsinin yüksəlməsi sahilyanı ərazilər üçün təhlükə yaratdığı halda, Xəzər tamamilə fərqli problemlə – su səviyyəsinin sürətlə aşağı düşməsi ilə üzləşir.
Muxtar Babayevin COP31 çərçivəsindəki çıxışında açıqladığı məlumatlara görə, 2016- 2025-ci illərdə Xəzər dənizinin səviyyəsi 1,33 metr enib. Təkcə 2025-ci ildə azalma 14 santimetr təşkil edib. Bu rəqəmlər problemin təsadüfi və qısamüddətli dəyişiklik olmadığını, uzunmüddətli ekoloji riskə çevrildiyini göstərib.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, 2025-ci ildə müşahidə edilən ərazidə illik yağıntının miqdarı 198,3 millimetrə çataraq son 10 ilin ən yüksək göstəricisi olsa da, Xəzərin səviyyəsində davamlı azalma nəzərə çarpıb. Bu fakt su hövzəsinin vəziyyətinin yalnız bir ilin yağıntı göstəriciləri ilə izah edilə bilməyəcəyini təsdiq edib. Problemin mahiyyəti iqlim dəyişmələri, çay axınları, buxarlanma, su balansı və su ehtiyatlarının idarə olunması kimi amillərin kompleks şəkildə araşdırılması zərurətini ortaya çıxarıb.  
Xəzərin səviyyəsinin enməsi, ilk növbədə, onun sahil xəttinin geri çəkilməsi ilə nəticələnib. M.Babayevin açıqlamasına görə, bu proses zamanı təkcə dənizin Azərbaycan sektorunda, təxminən, 30 min hektar ərazinin üzə çıxması  müşahidə edilib.
İqlim siyasəti və bələdiyyələr  
COP31 çərçivəsində “Binalarda enerji səmərəliliyi: yerli özünüidarəetmə orqanları” mövzusunda təşkil olunan panel müzakirəsi də xüsusi diqqət çəkib.   Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın baş məsləhətçisi Rövşən Məmmədovun təmsil olunduğu tədbirdə binalarda enerji istehlakının optimallaşdırılması, enerji resurslarından səmərəli istifadə edilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və iqlim siyasətinin yerli səviyyədə həyata keçirilməsində bələdiyyələrin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən Təmraz Tağıyev dayanıqlı şəhər mühitinin formalaşdırılmasında enerji səmərəliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, eyni zamanda, enerji resurslarından qənaətlə istifadənin diqqətdə saxlanılması, binalarda enerji itkilərinin minimuma endirilməsi və ekoloji yanaşmaların şəhərsalma prosesinə inteqrasiyası kimi istiqamətlərin müasir yerli idarəetmənin prioritet istiqamətləri sırasında önəmli yer tutduğunu bildirib. 
Azərbaycanda bələdiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışan T.Tağıyev bu qurumların  hüquqi və maliyyə imkanlarının gücləndirilməsinin, yerli resursların idarə edilməsində səmərəliyin artırılmasının, eləcə də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqinin yerli özünüidarəetmənin fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Eyni zamanda, binalarda enerji qənaətinin təmin edilməsi məqsədilə texnologiyaların tətbiqinin, müasir və səmərəli işıqlandırma sistemlərinin qurulmasının, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.  

Vaqif BAYRAMOV 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью