Icma.az, Dogru.az saytına istinadən bildirir.
Yanlış anlamayın. Bakımızı yadelli işğalçılardan xilas etməkdən getmir söhbət. Paytaxtı uzun illərdir ilişib qaldığı tıxacdan qurtarmaq üçün hansı plan tərtib edilə bilər, ondan bəhs edəcəyik.
Əvvəla bunu mütləq deməliyik ki, şəhərin tıxacda qalan tıxac problemi metronun “28 May”- “Nizami” stansiyaları arasında hərəkət dayandırıldıqdan sonra daha da çıxmaza düşdü. Metropolitendə dəyişiklik zəruri idi, qırmızı xəttlə yaşıl xəttin bir-birindən ayrılması baş verməli idi. Ya bu gün, ya sabah. Deyilənə görə, əsaslı dəyişiklik məqsədilə başladılan tikinti işləri başa çatdıqda metrodan istifadə daha da rahat olacaq, qatarlararası interval da, sıxlıq da azalacaq. Təki belə olsun. Lakin metronun fəaliyətinin məhdudlaşdırılması qərarı verilirdisə yerüstü ictimai nəqliyyatın imkanları dəqiqliklə nəzərə alınmalı, sərnişinlər üçün maksimum şərait yaradılmalı idi. Amma vəziyyət gərgin şəkil alıb. “28 May”da yerin üstünə çıxan sərnişin gedəcəyi ünvana çatmaq üçün nəqliyyat vasitələrindən çox çətin istifadə edə bilir. Avtobuslar, avtomobillər saatlarla yollarda qalır, təkcə pik saatlarda deyil, demək olar günün əksər saatlarında yollarda tıxac yaşanır, insanlar günün az qala 24 saatını yolda keçirirlər. Əsəb, stress, yorğunluq insanların sağlamlığına da, psixi durumuna da mənfi təsir göstərir. Son günlərin müsbət qərarları içində bir neçə tədris müəssisəsinin distant təhsilə keçməsi və “Xocasən”, “Avtovağzal” stansiyalarına girişin ödənişsiz edilməsidir. Lakin distant təhsilə keçid cəmi bir neçə günlükdür, məhz Formula 1 yarışlarına görə. Yarışlar artıq bitib, eni iş həftəsində distant təhsil olmayacaq, orta məktəbə, ali məktəbə gedənlər işə gedənlərlə birlikdə yenidən sərnişin sıxığınln yaranmasına səbəb olacaqlar. Metroda tikinti işlərinin 11 ay çəkəcəyi bildirilir. Deməli, 2027-ci ili də tıxacla qarşılayacağıq, bu, mütləqdir. Amma tıxacla da yola salacağıqmı, bilinmir. Bəs tıxacdan çıxmağın yaxın və uzun müddətli həlli varmı? Görək mütəxəssislər nə deyir.
Az xərclə qısa müddətli həllər mümkündür
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev qeyd edir ki, şəhərdə nəqliyyat probleminin həlli istiqamətində 2025-2030-cu illəri əhatə edən dövlət proqramının icrasına başlanılıb. Proqram çərçivəsində metro xətlərinin ayrılması, yeni stansiyaların tikilməsi, dairəvi və radial yolların, eləcə də əlaqələndirici yolların inşası nəzərdə tutulur. Bununla yanaşı, avtobus parkının mərhələli şəkildə 2800-ə çatdırılması, zolaq şəbəkəsinin genişləndirilməsi, mikromobillik infrastrukturunun inkişaf etdirilməsi, tramvayın şəhərə qaytarılması və dəmir yolu ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır. Şəhərdə aparılan tikinti işləri, hətta müvəqqəti yol bağlanmaları belə, nəqliyyat axınına təsirsiz ötüşmür. Hazırda şəhər əhalisinin əhəmiyyətli hissəsinin fərdi avtomobillərdən istifadə etməsi də tıxac problemini daha da dərinləşdirir. R.Ağamirzəyev bu fikirdədir ki, az xərcli və qısa müddətdə nəticə verə biləcək layihələrin icrası sürətləndirilməlidir:
– Buraya yol hərəkətinin işıqforlarla tənzimlənməsi, eyni səviyyəli keçidlərin sayının artırılması və piyada infrastrukturunun yaxşılaşdırılması daxildir. Bakıda tıxacların yaranma səbəbləri və onların aradan qaldırılması bir neçə amildən asılıdır. Bu problemin həlli mərhələli şəkildə həyata keçirilməlidir. Burada əsas məqam alternativ nəqliyyat imkanlarının sayının artırılmasıdır. Alternativlər nə qədər çox olarsa, nəqliyyat sıxlığının azaldılmasına təsir etmək bir o qədər mümkün olar. Son qərarların əsas məqsədlərindən biri 20 Yanvar istiqamətində nəqliyyat axınının həddindən artıq yüklənməsinin qarşısını almaq olmalıdır. Bunun üçün insanların müəyyən istiqamətlərdə metrodan, xüsusilə də metronun Bənövşəyi xəttindən daha aktiv istifadəsinə şərait yaradılması vacibdir. Pulsuz və ya daha əlçatan keçid imkanlarının tətbiqi sərnişinlərin metroya yönəlməsini artırmaqla yanaşı, səfərlərin həm vaxt, həm də xərc baxımından daha səmərəli təşkilinə imkan verə bilər. Bundan başqa, 8 Noyabr stansiyası istiqamətində ekspress avtobus marşrutlarının yaradılmasına ehtiyac var. Hazırda həmin ərazidən bir sıra avtobuslar keçsə də, “Gənclik”, “8 Noyabr” və “28 May” istiqamətlərini birbaşa birləşdirən ekspress marşrutların yaradılması sərnişin axınının alternativ istiqamətlər üzrə bölüşdürülməsinə kömək edə bilər. Məsələn, Avtovağzal ərazisindən sərnişinlərin birbaşa bu istiqamətlərə daşınmasının təmin edilməsi həm mövcud marşrut şəbəkəsində yükün bölüşdürülməsinə, həm də sərnişin axınının daha optimal idarə olunmasına imkan verər. Yeni marşrutların keçdiyi küçələrdə avtobus zolaqlarının yaradılması da vacib məsələlərdəndir. Hazırkı şəraitdə metro sisteminin əlavə sərnişin yükünü üzərinə götürməsi nəzərə alınaraq, avtobusların hərəkətinin fasiləsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilməlidir.
Bunun üçün svetoforlarda avtobusların hərəkətinə uyğun “yaşıl dalğa” sisteminin tətbiqi, müxtəlif səbəblərdən yollar bağlandıqda ictimai nəqliyyata müəyyən istisnaların verilməsi kimi məsələlərə baxıla bilər. Avtobusların marşrut üzrə daha sürətli hərəkət etməsi onların gün ərzində daha çox reys həyata keçirməsinə, daha çox sərnişinin vaxtında mənzil başına çatdırılmasına və nəqliyyat sıxlığının müəyyən qədər azaldılmasına imkan verər. Nisbətən az maliyyə tələb edən layihələr qısa müddətdə həyata keçiriləsə tıxac probleminin həllinə kömək edər. Xüsusilə şəhərin şimalından cənubuna, şərqindən qərbinə piyada hərəkətinə mane olan infrastruktur baryerləri mərhələli şəkildə aradan qaldırılmalıdır. İnsanlara öz səfərlərini müxtəlif nəqliyyat vasitələrini birləşdirərək təşkil etmək imkanı verilməlidir. Məsələn, şəxs avtomobili ilə müəyyən əraziyə qədər gəlib onu park etdikdən sonra metrodan istifadə edə, daha sonra isə piyada hərəkət edə bilər. Avtovağzal ərazisindən metro vasitəsilə Bənövşəyi və Yaşıl xətlərə çıxış, Nizami istiqamətindən isə şəhər mərkəzinə piyada hərəkət üçün daha əlverişli şəraitin yaradılması bu baxımdan nümunə ola bilər. Xüsusilə şəhərin mərkəzi hissəsində piyada keçidlərinin sayının artırılması insanların nəqliyyat vasitəsi seçimlərinə də təsir göstərə bilər. Çünki şəhərdə hansı hərəkət imkanlarını və alternativləri yaradırıqsa, insanların gündəlik səfərlərdə həmin imkanlardan istifadə meyli də buna uyğun formalaşır.
Estakada yollar salınmalıdır
Mütəxəssis bildirdi ki, dünyada estakada tipli yol qovşaqları təcrebəsi var. Bizdə də bundan istifadə edilə bilər:
– Biləcəri dairəsinin yükünü azaltmaq üçün iki estakada həll ola bilər. Dairəvi yolda geriyə dönmənin təşkili üçün iki estakadanın inşa edilməsi Biləcəri dairəsində hərəkət axınlarının ayrılmasına və dairənin üzərindəki yükün azalmasına imkan verə bilər. Bu həll xüsusilə Avtovağzala gələn və oradan çıxan regional avtobuslar üçün əhəmiyyətlidir. Avtobusların şəhər daxilində əlavə tıxaclara düşmədən daha qısa marşrutla Avtovağzala daxil olub-çıxması təmin edilə bilər. Digər tərəfdən, düzgün təşkil olunarsa, bu infrastruktur Yeni Yasamalın nəqliyyat əlçatanlığını da artıra, dairədəki qarışıq hərəkət manevrlərini azaltmağa kömək edə bilər.
Uzunmüddətli həllər də var
Sosial məsələlər üzrə ekspert, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Bakının tıxaclardan xilası üçün bir neçə il əvvəl təkliflər irəli sürdüyünü bildirdi: – Birincisi, bütün ali məktəblər kampuslarla təmin olunmaqla regionlara və șəhər kənarına köçürülməlidir. 2 – Ələt İqtisadi Zonasında “Neftçilər șəhərciyi” yaradılmalı, SOCAR daxil olmaqla bütün ișçılər ora köçürülməlidir. İnzibati binalar da həmçinin. 3 – Dəniz taksiləri fəaliyyətə bașlamalıdır. Dəniz yolu ilə sərnişin daşınmaları təmin edilməlidir. Bu, Əhmədli, Günəşli, Zığ, Hövsan və Bakıətrafı qəsəbələrə gediş-gəlişi xeyli asanlaşdırar. Eyni zamanda regionlardan Bakıya gəmilərlə sərnișindașınma iși qurulmalıdır. Astara, Neftçala, Xaşmaz, Pirallahı və.s. 4 – Nazirliklər Bakıdan çıxarılmalıdır. 5 – Sumqayıt-Bakı,Ələt-Bakı marșrutları üzrə metrobus sistemi qurulmalıdır.
6 – Səhiyyə və təhsil müəssisələrində çalıșan bütün həkim və müəllimlərin “hər kəs evinə yaxın müəssisədə” prinsipi üzrə könüllü olaraq yerdəyișməsini təmin etmək lazımdır. 7 – Qarabağa qayıdıș prosesində digər region vətəndașlarının da könüllü iștirakına imkanlar yaradılmalıdır. Məncə, bu sadaladıqlarım tətbiq olunarsa biz Bakını həm ekoloji fəlakətdən, həm də tıxac zülmündən xilas edə bilərik.
Məlahət Rzayeva
DOĞRU.AZ
Rauf Ağamirzeyev
İlqar Hüseynli