Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın TDT-yə üzv dövlətlərlə münasibətlərinin mühüm xüsusiyyəti çoxtərəfli əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin də sürətlə inkişaf etdirilməsidir.
“Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalanması bu münasibətlərin institusional və siyasi əsaslarının gücləndiyini göstərir. Beləliklə, TDT çərçivəsində formalaşan ümumi əməkdaşlıq mexanizmləri ayrı-ayrı dövlətlərlə mövcud strateji münasibətləri tamamlayır”, - o vurğulayıb.
Deputat hesab edir ki, iqtisadi istiqamət də bu siyasətin mühüm dayaqlarından biridir:
“Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması türk dövlətləri arasında münasibətlərin siyasi həmrəylikdən konkret iqtisadi layihələrə keçdiyini göstərir. Qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, enerji və digər sahələrdə birgə layihələrin artırılması Türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edir”.
O əlavə edib ki, bu baxımdan Azərbaycanın TDT siyasətini yalnız mədəni-humanitar əməkdaşlıq çərçivəsində qiymətləndirmək kifayət deyil: “Burada siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik komponentlərini birləşdirən daha geniş strateji yanaşma formalaşır. Azərbaycanın xarici siyasətində Türk dünyasına verilən prioritet də məhz bu çoxşaxəli əməkdaşlıq modelində özünü göstərir”.
A.Əsgərov vurğulayıb ki, Prezidentin çıxışında digər mühüm istiqamət regional təhlükəsizlik məsələləri ilə bağlıdır: “Dünyanın müxtəlif bölgələrində davam edən müharibələrin coğrafiyasının genişlənməsi və qarşıdurmaların daha açıq xarakter alması Cənubi Qafqazın yerləşdiyi mürəkkəb geosiyasi mühiti diqqət mərkəzinə gətirir. Azərbaycanın şimalında və cənubunda müharibə aparan ölkələrin yerləşməsi təhlükəsizlik məsələlərinin Bakı üçün xüsusi aktuallıq daşımasına səbəb olur.
Bu şəraitdə təhlükəsizlik anlayışı yalnız hərbi və fiziki təhdidlərlə məhdudlaşdırılmır. Prezidentin çıxışında ideoloji təhlükəsizlik də ayrıca istiqamət kimi təqdim edilir. Burada əsas diqqət dövlətlərin və cəmiyyətlərin daxili sabitliyinə təsir göstərə biləcək informasiya və ideoloji fəaliyyətlərə yönəldilir.
Çıxışda xüsusilə uzaq mərkəzlərdən maliyyələşdirildiyi bildirilən media strukturları vasitəsilə həyata keçirilən ideoloji təxribatlar məsələsi qaldırılır. Prezidentin mövqeyinə görə, bu kimi fəaliyyətlər ayrı-ayrı dövlətlərin siyasi və ictimai sabitliyinə təsir göstərmək, ictimai həmrəyliyi zəiflətmək və cəmiyyətlərə xarici narrativlər aşılamaq məqsədi daşıya bilər.
Bu yanaşma təhlükəsizlik konsepsiyasının ənənəvi hərbi çərçivədən informasiya və ideoloji müstəviyə genişləndirilməsini ifadə edir. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin və ərazi bütövlüyünün qorunması ilə deyil, həm də informasiya məkanının, ictimai sabitliyin və milli həmrəyliyin qorunması ilə əlaqələndirilir.
Burada TDT daxilində əməkdaşlığın təhlükəsizlik ölçüsü xüsusi əhəmiyyət qazanır. Əgər türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar inteqrasiya dərinləşirsə, təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi də həmin prosesin məntiqi davamı kimi təqdim olunur. Bu baxımdan TDT Təhlükəsizlik Şurasının fəaliyyəti dövlətlər arasında mövcud təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi və koordinasiya üçün institusional platforma rolunu oynayır.
Ümumilikdə, Prezidentin çıxışında iki bir-birini tamamlayan xətt diqqət çəkir: Türk dünyası ilə strateji və ikitərəfli əlaqələrin dərinləşdirilməsi və dəyişən beynəlxalq şəraitdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi. Birinci istiqamət Azərbaycanın xarici siyasət prioritetini, ikinci istiqamət isə həmin prioritetin reallaşdırıldığı mürəkkəb regional və qlobal təhlükəsizlik mühitini xarakterizə edir”.
Mürtəza