Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Onların bəzilərindən su təchizatı, bəzilərindən heyvanların saxlanılması, digərlərindən isə gizli keçid kimi istifadə edildiyi ehtimal olunur. Bu tikililər Bakının keçmiş həyatına və memarlıq tarixinin az bilinən səhifələrinə işıq salır.
Onlardan biri Sabunçu rayonunun Ramana qəsəbəsində yerin altında aşkarlanan tarixi tikilidir. Lyukun içərisində yerləşən ikiotaqlı tikili 2021-ci ildə kanalizasiya xəttinin çəkilişi zamanı üzə çıxıb.
Tədqiqatçı Qulamhüseyn Qurbanovun sözlərinə görə, Ramana kəndinin mərkəzi qaya üzərində yerləşir və onun alt hissəsində belə tunellər mövcuddur.
O bildirib ki, tikilidəki daşların kobud formada olması onun qədimliyini göstərən amillərdəndir. Tikilidə heyvanların bağlanması və yemlənməsi üçün nəzərdə tutulan yerlər isə tikilinin hansı məqsədlə istifadə edildiyini ortaya qoyur. İki otaqdan ibarət olan bu tikilinin XVI–XVII əsrlərə aid olduğu bildirilir.
Bakı şəhərinin yeraltı tarixi ilə bağlı daha bir maraqlı nümunə İçərişəhərdə aşkarlanan XVII əsrə aid yeraltı hamamdır. 2016-cı ildə Böyük Qala küçəsi 50 ünvanında üzə çıxarılan tarixi tikili İçərişəhərin keçmiş memarlıq quruluşu və gündəlik həyatı haqqında maraqlı məlumatlar verir.
1806-cı ildə Bakının rus qoşunları tərəfindən işğalından sonra hamam fəaliyyətini dayandırıb, günbəzləri sökülüb və otaqları tullantılarla doldurularaq üzəri torpaqla örtülüb. 2016-2017-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı abidə torpaq və tullantılardan təmizlənib, 2018-ci ildə isə burada bərpa və konservasiya işləri həyata keçirilib. Gələcəkdə ərazidə açıq səma altında arxeoloji muzey-ekspozisiyasının yaradılması planlaşdırılır.
Bakı şəhərinin yeraltı tarixi ilə bağlı daha bir maraqlı nümunə İçərişəhərdə yerləşən, XIV–XV əsrlərə aid ovdandır. Şirvanşah Dərbəndilər sülaləsi dövründə inşa edilən bu yeraltı su anbarı saray kompleksini, saray hamamını və şəhərin qərb hissəsində yaşayan əhalini su ilə təmin etmək məqsədi daşıyıb.
Tarixi mənbələrə görə, həmin dövrdə İçərişəhərə dağlıq Çəmbərəkənd ərazisindən tüng borular vasitəsilə Şah su kəməri çəkilib. Su kəməri ilə əlaqəli olan ovdan Şirvanşahlar Sarayı kompleksinin yaxınlığında yerləşir. Maraqlıdır ki, əsrlər keçməsinə baxmayaraq, su anbarı bu gün də su ilə doludur. Bu cür qədim su kəmərlərindən həm də yeraltı gizli yol kimi istifadə edildiyi ehtimal olunur.
2026-cı il iyulunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun və “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin təşəbbüsü ilə ovdanda sualtı tədqiqat aparılıb. Araşdırma zamanı məlum olub ki, sahəsi ensiz giriş xətti ilə birlikdə təxminən 30-35 m2 olan ovdanın içərisi 3 metr hündürlükdə su ilə doludur. Suyun bu gün də yeniləndiyi və içməli olduğu bildirilib.
Bakı şəhərinin yeraltı tarixi ilə bağlı maraqlı nümunələrdən biri də metronun “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında aşkarlanan qədim keçiddir. Bağda aparılan təmir-bərpa işləri zamanı üzə çıxan yeraltı keçiddə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən arxeoloji tədqiqatlar aparılıb.
“Visions of Azerbaijan" nəşrində arxeoloq Kamil İbrahimovun araşdırmasına əsaslanan məlumata görə, keçidin ilkin öyrənilməsi zamanı təxminən 150-250 metr uzunluğunda hissəsi tədqiq edilib. Lakin yolun darısqal olması səbəbindən tədqiqatçılar geri qayıtmalı olublar.
Tunel əvvəlcə yol istiqamətində, daha sonra isə dənizə doğru uzanıb. XIX əsrdə onunla əlaqələndirilən kanalizasiya çıxışlarının mövcud olduğu da qeyd edilir. Araşdırmalara əsasən, keçidin ilkin olaraq İçərişəhərin su təchizatı məqsədilə istifadə edildiyi, sonrakı dövrlərdə isə kanalizasiya sisteminin bir hissəsinə çevrildiyi ehtimal olunur.
Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhərin altında vaxtilə bir neçə yeraltı tunel mövcud olub. Onların bir qisminin XV əsrdə Şirvanşahlar tərəfindən saray kompleksindən gizli çıxış yolları kimi inşa edildiyi bildirilir.
Belə tunellərdən biri isə XX əsrin əvvəllərində İçərişəhər sakini, tacir Qatır Hacı Zeynalabdin tərəfindən tikdirilib. Tunel onun təxminən 100 metr məsafədə yerləşən iki mülkünü birləşdirib. Mülklərdən biri hazırda Ensiklopediya binasının yerləşdiyi ərazidə, digəri isə indiki Əziz Əliyev küçəsində olub. Tacir bu keçidi ailə üzvlərinin iki ev arasında rahat hərəkət etməsi üçün inşa etdirib.
XX əsrin əvvəllərində tunelli böyük mülklərin sahiblərinin əksəriyyəti şəhəri tərk edib və ya öldürülüb. Sonradan evlər kiçik mənzillərə bölünüb, yeraltı keçidlər isə unudulub. Bu tunellər yalnız 1970-ci illərdə, İçərişəhərdə arxeoloji işlərə başlanıldığı zaman yenidən üzə çıxıb.
Beləliklə, bu günədək aşkarlanan yeraltı tikililər Bakının yalnız yerüstü memarlığı ilə deyil, yerin altında qorunub qalan tarixi ilə də nə qədər zəngin olduğunu göstərir.
Həmidə İbrahimova