Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. Qaraçuxur sakinləri 10 gündür su ilə imtahan olunurlar.
Lent.az-ın məlumatına görə, sakinlər günlərdir susuzluqdan əziyyət çəkirlər. Onlar su tələbatını qarşılamaq üçün qablarda su daşıyırlar.
Məsələ barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır: “Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir.
Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır.
Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir.
Əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür.
Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin isti hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.