“Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?” Rəsmi cavab

23.01.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixçi alim, tərcüməçi Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyi yararsız vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında paylaşım edib. 

Onun sözlərinə görə muzeydə isitmə sistemi belə yoxdur: “Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi də ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunun Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur? Doğrudanmı Mədəniyyət Nazirliyimizin əlaqədar əməkdaşlarının ev-muzeyləri yaratmaq təcrübəsi və fəlsəfəsi bu qədər bəsitdir? İsidilməyən binanın şaxtasında titrəyə-titrəyə bizə məlumat verən işçilərin dediyinə görə, muzeyə gələn çoxdur. Bu muzey Bakıxanov və onun mühiti haqqında nə verə, hansı təəssüratı yarada bilər?”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurum muzeyin mövcud vəziyyəti barədə məlumatlıdır: “Bakıxanovlar nəslinin nümayəndələri tərəfindən də qeyd olunan problemə dair nazirliyə müraciətlər olunub. Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq muzeylərin cari və əsaslı təmiri, ekspozisiyasının bədii tərtibatı, maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bakıxanovun ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq”. 

Lamiyə Məmmədova




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью