Bakupost saytına istinadən Icma.az xəbər verir.
Tarixçi alim, tərcüməçi Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyi baxımsız vəziyyətdə qalıb.
"Bakupost" xəbər verir ki, bu barədə təhsil texnoloqu Şəmil Sadiq sosial şəbəkə hesabında paylaşım edib.
Ev-muzeyini ziyarət edən Şəmil Sadiq tarixi irsimizə və şəxsiyyətlərimizə münasibətin çox vaxt yalnız pafoslu çıxışlarla məhdudlaşdığını deyib:
"Bizim muzeylərə, tarixi şəxsiyyətlərimizə, abidələrimizə münasibətimiz doğrudan da həmişə pafoslu olub. Tutaq ki, bir nəfərin yanında Bakıxanov haqqında danışsan, sözsüz ki, onu müdafiə edəcək, gördüyü işlərdən, əhəmiyyətindən söz açacaq. Çünki o, "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan yazılı tarixşünaslığının banilərindən biridir. Amma məncə, heykəl və muzey baxımsız vəziyyətdədir. Bu şəxsiyyətə belə bir münasibət yaraşmır. Ümumiyyətlə, regionlarda yerləşən bu tip muzeylərə yerli qurumlar, bələdiyyələr və digər aidiyyəti təşkilatlar diqqət göstərməli, onların təbliği ilə məşğul olmalıdırlar. Bura balaca yer deyil. Quba turizm baxımından Azərbaycanın ən gəlirli bölgələrindən biridir. Bu baxımdan muzey daha yaxşı vəziyyətdə olmalı, buraya gələn insanların tariximizi yaxından tanıması üçün şərait yaradılmalıdır”.
Xatırladaq ki, təxminən 10 ay əvvəl Xalq şairi Sabir Rüstəmxanlı da Bakıxanovun ev-muzeyini ziyarət edərkən onun yararsız vəziyyətdə olduğunu bildirmişdi. O, muzeyin böyük mütəfəkkirin adına layiq olmadığını vurğulayaraq Mədəniyyət Nazirliyini müvafiq tədbirlər görməyə çağırmışdı.
Görünən odur ki, ötən müddət ərzində muzeyin vəziyyətinin yaxşılaşdırılması istiqamətində hansısa tədbir görülməyib.
Lalə Novruz, BakuPost