Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Regionların inkişafı uzun illərdir ki, ölkənin sosial-iqtisadi siyasətində əsas prioritetlərdən biri kimi qalır. Paytaxtla bölgələr arasında iqtisadi fərqlərin azaldılması, daxili miqrasiyanın qarşısının alınması və dayanıqlı məşğulluğun təmin edilməsi üçün hansı sahələrin inkişafına üstünlük verilməlidir sualı isə hələ də aktuallığını qoruyur. Mütəxəssislər hesab edirlər ki, regionların potensialına uyğun planlaşdırılmayan inkişaf modeli nə iqtisadi səmərəlilik yaradır, nə də sosial problemlərin həllinə töhfə verir.
Bəs regionların inkişafı üçün hansı sahələrə daha çox diqqət ayrılmalıdır? İqtisadi inkişaf üçün ən vacib sahələr hansılardır?
İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, kənd təsərrüfatı və turizm sahəsi regionların inkişafında əsas sahədir:
“Söhbət regionların inkişafından gedirsə, o zaman iki istiqamət - kənd təsərrüfatı və turizm ilk sırada olmalıdır. Kənd təsərrüfatı istiqamətində bilavasitə aqrar emal sektorunun inkişafı prioritet təşkil etməlidir, çünki aqrar emal istiqaməti həm sənayeni, həm də kənd təsərrüfatını özündə cəmləşdirir, əlavə dəyər yaradır və nəticə etibarı ilə rentabelliyi yüksək olduğu hallarda regional məşğulluğun yüksək səviyyədə təmin olunmasına, əhali gəlirlərinin daha yaxşı formalaşmasına, eləcə də büdcə daxilolmalarına müsbət mənada təsir edir.
Azərbaycanın bəzi rayonlarında yaşayan insanlar xüsusi istedada, ələlxüsus riyazi intellektə malikdir. Bunu həm Respublika Fənn Olimpiadaları, həm də 60-70 il əvvəl həmin rayonlardan çıxan riyaziyyatçıların göstəriciləri təsdiq edir. Bunu vurğulamağımın səbəbi odur ki, məhz belə regionlarda informasiya texnologiyaları (IT) və süni intellekt mərkəzlərinin toplanması daha yüksək nəticələrin əldə olunmasına imkan yarada bilər”, -deyə E.Əmirov fikrini yekunlaşdırıb.
Bakıya kütləvi köçün qarşısının alınması üçün regionlarda hansı işləri görmək lazımdır? Gənclərin regionlarda qalması üçün təhsil sahəsində nə etmək lazımdır?
Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında vurğulayıb ki, regionlarda təhsilin səviyyəsini qaldırmaq lazımdır:
"Regionlarımız, eləcə də oradakı ali təhsil müəssisələri inkişaf edir, bu çox sevindirici haldır. Bakıya köçün qarşısının alınması üçün ilk növbədə regionlarda yeni iş yerlərinin açılması, gənclərə işləmək üçün şəraitin yaradılması prosesə ciddi töhfə verəcək. Bu addımlar pərakəndə yox, köklü islahat halında aparılmalıdır. Gənclərdə maraq və həvəs formalaşmalı, iş üçün uyğun infrastruktur qurulmalıdır. Davamlı olaraq onlarla işləməli, özünü ifadə qabiliyyətlərinə şərait yaratmalıyıq. Bununla paralel olaraq təhsilin səviyyəsini qaldırmaq lazımdır. Bəzi bölgələrdəki təhsil səviyyəsi Bakıdan heç də aşağı deyil, lakin imkanları və gücü daha da artırmaq mütləqdir".
Regionlarda yeni iş yerləri necə yaradıla bilər? Təhsil səviyyəsi miqrasiyaya necə təsir göstərir?
İqtisadçı Günay Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, regionlarda innovativ kənd təsərrüfatı üzərindən inkişaf olmalıdır:
“İqtisadi inkişaf deyəndə texnoloji və ağıllı inkişaf olmasını hesab edirəm. Yəni hər hansısa zavod, fabrik qurulması və ya bir regionda şəhərdə göydələnlərin sayının artıq olması inkişaf deyil. İnkişaf məhz o regionun iqlim və ya əhalisinin bacarıqlarına uyğun olması, həmçinin oranın bütün gəlir və xərclərini dotasiya, subsidiya olmadan qarşılamasıdır.
Düşünürəm ki, regionlarda innovativ kənd təsərrüfatı üzərindən inkişaf olmalıdır. Çünki bu sahədə boşluqlarımız çoxdur. İdxal, orginal olmayan məhsul, region əhalisinin böyük şəhərlərdə məskunlaşması ilə bölgələrdə yaranan işsizlik problemi, paytaxt Bakıda tıxac, mənzil bazarında qiymətlərin pik həddə çatması və sair kimi problemlər var. İqtisadiyyat zəncirvaridir. Ən primitiv bir səbəb digər sektorları təsir dairəsinə salır.
Regionlarda yeni iş yerləri açılmamışdan əvvəl oradakı həyat standartı yüksəlməlidir. Tutaq ki, regionda iş var, amma kənd-rayon yolu palçıq, bataqlıq içindədir, qaz yoxdur. İnsan işdən gəlib, odun sobası qalayıb, çeşmədən su daşıyacaq. Belə şərtlərdə iş olsa belə, kim şəhərdən rayona qayıdar ki? Ona görə də həyat standartları yüksəlməli, lüks deyil, siravi həyat təmin olunmalıdır.
Təhsil səviyyəsinin miqrasiyaya təsirlərinə qaldıqda isə elə məhz köç edənlər də təhsilli şəxslərdir. Lakin bir məsələ də var, bu kateqoriyaya aid şəxslər arasında bir növ desək qonşudan geri qalma prinsipi var. Şəhərdə işləyib, aldığı aldığı əmək haqqı onun kirayə, kommunal, qidalanma xərclərinə gedən insanlar var. Halbuki onlar rayonda öz evlərində oturub, işləsələr, əlavə olaraq təsərrüfatla məşğul olsalar, daha avantajlı yaşayarlar, nəinki miqrasiya adı ilə paytaxta üz tutarlar”.
Yazı Medianın İnkişafı Agentliyinin “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilib.