Bakıya təhdid Ankaraya yönəlmiş sayılır Buğra Sucudan AÇIQLAMA

21.10.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın qələbəsi türk millətinin qələbəsidir

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı dəstək ənənəsinə söykənir. Bu bağlılıq yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, həm də strateji müttəfiqlik, iqtisadi əməkdaşlıq və Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Sherg.az xəbər verir ki, Ankara Universitetinin müəllimi, hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktoru Buğra Sucu Dövlət Baxçalının vurğuladığı məsələnin, əslində, türk millətçiliyinin mahiyyətini təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, türk millətçiliyi dildə, qanda, tarixdə və taledə birləşmiş millətin şüurudur. Ziya Gökalpın tərif etdiyi kimi, millət eyni tərbiyə almış, eyni dildə danışan və eyni məfkurəyə bağlı insanların birliyidir. Bu yanaşma Ankarada da, Bakıda da, Şuşada da keçərlidir.

Ekspert qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı bağ diplomatik münasibətlərlə izah edilə bilməyəcək qədər dərin və köklüdür. Onun fikrincə, iki dövlət qardaşlıq hüququ ilə bir-birinə bağlıdır və tale birliyi içərisindədir.

Tarixi sınaqlardan keçən qardaşlıq

Buğra Sucu bildirib ki, 1918-ci ildə Bakı işğal və qırğın təhlükəsi ilə üz-üzə qaldığı zaman Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusu Anadolunun özü də işğal altında olmasına baxmayaraq, Bakını xilas etmək üçün yola çıxıb. Mehmetçik Bakı küçələrində şəhid olub.

Ekspertin sözlərinə görə, 1919–1922-ci illərdə Türkiyə ordusunun silahı, cəbhənin yanacağı və dövlətin xəzinəsi tükənmək üzrə olduğu bir vaxtda Mustafa Kamal Paşanın borc istəyinə Nərimanov belə cavab verib: “Qardaş qardaşa borc verməz, əl tutar”.

Buğra Sucu vurğulayıb ki, Azərbaycan türkləri özlərinin də çətin vəziyyətdə olmasına baxmayaraq, əllərində nə var idisə, Anadoluyə göndəriblər. Azərbaycan xalqı bu yardımı “qardaş köməyi” adı ilə toplayıb.

Şuşa Bəyannaməsi qardaşlığı müttəfiqliyə çevirdi

Mütəxəssis iki qardaş ölkənin daim bir-birinə dayaq durduğunu və qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.

O bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə isə bu qardaşlıq müttəfiqlik hüququna çevrilib.

Buğra Sucunun sözlərinə görə, diplomatiya tarixində iki dövlətin tərəflərdən birinin təhlükəsizliyinə və ya ərazi bütövlüyünə hücum və ya təhdid yönəldiyi halda, digər tərəfin bütün imkanları və gücü ilə hücuma məruz qalan tərəfə dəstək verəcəyinə dair öhdəliyi bu qədər təbii və səmimi şəkildə üzərinə götürməsinə nadir hallarda rast gəlinir. Çünki burada ağıl ilə könül eyni istiqamətə baxır.

Ekspert hesab edir ki, Azərbaycan Türkiyənin Qafqazdakı, Türkiyə isə Azərbaycanın Anadoludakı qalasıdır. Bakı–Tbilisi–Ceyhan neft kəmərindən TANAP-a, Orta Dəhlizdən Zəngəzur xəttinə qədər uzanan layihələr türk dünyasını Xəzərin o tayına, Orta Asiyaya və Türküstana bağlayan körpü rolunu oynayır.

Onun fikrincə, Türk Dövlətləri Təşkilatının çətiri altında güclənən birlik İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” məfkurəsinin əsrlər sonra həyata keçməsidir.

Türk dövlətlərinin iqtisadi potensialı diqqət çəkir

Buğra Sucu qeyd edib ki, türk dövlətləri bu gün 2,5 trilyon dollarlıq ümumi daxili məhsula və 1,2 trilyon dollarlıq xarici ticarət dövriyyəsinə malikdir. Onun sözlərinə görə, bu dövlətlər əhəmiyyətli enerji ehtiyatlarına və nadir elementlərə sahibdirlər. Eyni zamanda, onlar 850 milyard dollarlıq Çin-Avropa ticarətinin mərkəzində yerləşirlər.

Ekspert bildirib ki, iqtisadi proqnozlar türk dövlətləri arasında əməkdaşlığın davam etməsi halında qarşıdakı 10 ildə hər bir türk dövlətinin ümumi daxili məhsulunun əhəmiyyətli dərəcədə artacağını göstərir.

Onun sözlərinə görə, təkcə Orta Dəhliz türk dövlətlərində yüz minlərlə insanın məşğulluğunu təmin edə bilər. Enerji sahəsində əməkdaşlıq, dövlətlər arasında bağlanacaq investisiya sazişləri və regional ticarətin genişlənməsi də bu potensialın mühüm tərkib hissələridir.

Buğra Sucu hesab edir ki, türk dövlətlərinin iqtisadi imkanları həm diqqət çəkir, həm də müəyyən dairələrdə narahatlıq doğurur.

O vurğulayıb ki, türk dövlətləri dünən olduğu kimi, bu gün də bir-birinə əl uzadırlar. Qurtuluş müharibəsi dövründə olduğu kimi, Qarabağ məsələsində də onlar müxtəlif sanksiyalara, beynəlxalq güc bloklarına və araya nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı qarşılıqlı dəstək nümayiş etdirirlər.

“Bakıya yönələn təhdid Ankaraya yönəlmiş hesab olunur”

Müsahibimiz sonda vurğulayıb ki, Türkiyənin maraqlarını Azərbaycanın maraqlarından, Azərbaycanın maraqlarını isə Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) maraqlarından ayrı düşünmək mümkün deyil.

“Bakıya yönələn təhdid Ankaraya yönəlmiş hesab olunur. Azərbaycanın qələbəsi türk millətinin qələbəsidir. Bu qardaşlıq nə keçmişdə, nə bu gün, nə də gələcəkdə heç bir gücün araya girə bilməyəcəyi qədər dərin köklərə malikdir. Atatürkün dediyi kimi: ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’. Biz bir millətik, bir ürəyik”, - deyə Buğra Sucu fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью