Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
SABAH.HUB İnnovasiya Mərkəzinin təşkil etdiyi festival – “Baku ID 2026” müxtəlif yeniliklərlə fərqlənir. Festivalda müxtəlif ölkələrdən investorlar, startaplar və texnologiya sahəsinin nümayəndələri iştirak edirlər.
Budəfəki festivalın əsas yeniliklərindən biri məkanla bağlıdır. “Baku ID” ilk dəfə “SABAH.city” innovasiya şəhərciyində təşkil olunur. Burada sənaye, elm, dövlət və özəl sektor nümayəndələrinin bir araya gətirilməsi və yeni əməkdaşlıqların qurulması nəzərdə tutulur. Festival proqramında süni intellekt, vençur kapitalı və mələk investisiyaları əsas mövzulardandır. Bundan başqa, maliyyə, səhiyyə, təhsil, yaşıl texnologiyalar və əmlak texnologiyaları üzrə panel müzakirələri keçiriləcək. İştirakçılar əsas səhnədəki çıxışlarla yanaşı, startap təqdimatlarını izləmək və şəbəkələşmə sessiyalarına qatılmaq imkanı əldə edirlər.
Festivalın ilk günündə “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib.
Elm və Təhsil Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin baş direktoru Nihat Məcidov qeyd edib ki, "Sabah City"də aparılan tədqiqatların kommersiya məhsullarına və xidmətlərinə çevrilməsi hədəflənir. Düzgün icmanı yerləşdirmək üçün ilk öncə infrastruktur lazımdır: "Biz infrastrukturumuzu hazırkı 5 hektardan 20 hektara qədər, 20,000 kvadratmetrdən 100,000 kvadratmetrə qədər genişləndirmək istəyirik. Universitetin kampusunu, tədqiqat-inkişaf laboratoriyalarını, ofis sahələrini və birgə iş zonalarını daxil etməyi planlaşdırırıq. İkinci məqsəd insan kapitalıdır".
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır: "Biz Dünya İqtisadi Forumu ilə əməkdaşlıq təcrübəmizdən çox məmnunuq. Bu, bir neçə il əvvəl ölkə Prezidenti və Forumun İdarəedici Direktoru arasında memorandum imzalanması ilə başladı və Azərbaycanda ilk IV Sənaye İnqilabı mərkəzi ofisinin yaradılmasına gətirib çıxardı. Şəxsən mən İş Yerlərinin Yaradılmasının Sürətləndirilməsi proqramının işində iştirak etmək şərəfinə nail olmuşam. Hesab edirəm ki, müzakirəmizin mərkəzində duran mövzu təkcə Azərbaycan üçün deyil, hər bir iqtisadiyyat üçün kritik və vacibdir".
M.Cabbarov əmək bazarındakı dəyişikliklərlə bağlı proqnozlara da toxunub: "Yaxın 4 il ərzində yalnız insan müdaxiləsi ilə həyata keçirilən iş yerlərinin 50 faiz azalacağı, insan və texnologiyanın birləşdiyi iş yerlərinin sayının isə 50 faiz artacağı gözlənilir. Tamamilə avtomatlaşdırılmış işlər isə bazaya nisbətən 4 faiz artacaq. Bu, onu göstərir ki, istedad dedikdə artıq yalnız klassik oxuma, yazma və riyaziyyat bacarıqları nəzərdə tutulmur, rəqabətədavamlılıq üçün rəqəmsal üstünlüklər şərt hesab edilir".
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf isə çıxışında avtomatlaşdırma, robototexnika, süni intellektin sürətlə inkişafından söhbət açıb. SOCAR-ın rəhbəri qeyd edib ki, peşə məktəblərinə süni intellekt, robototexnikadan istifadə kimi bacarıqları əlavə edilməlidir: "Lakin ənənəvi bacarıqları da saxlamalıyıq. Eyni zamanda, öyrətmək bacarığını da əlavə etməliyik. Mən bədbin görünmək istəmirəm, amma düşünürəm ki, biz süni intellekt, avtomatlaşdırma və ya robototexnika olmadan da nəsə etməyi bacarmalıyıq. Bizim, təxminən, 1 il, ya da 1,5 il əvvəl nazir Mikayıl Cabbarovla belə bir müzakirəmiz olmuşdu. Onun dostlarından biri demişdi ki, tarix boyu bəşəriyyət öz bacarıqlarını itirə-itirə gəlib. Biz ulduzlara baxıb yönümüzü müəyyən edə bilirdik. İndi bunu edə bilmirik. Biz tonqal qalamağı bacarırdıq, amma indi insanların böyük əksəriyyəti tonqal qalaya bilmir. İnsanlar otlar və ya təbii vasitələrlə müalicə etməyi, sağaltmağı bacarırdılar”.
Dünya İqtisadi Forumunda (WEF) gələcək təşəbbüslər üzrə fəaliyyət rəhbəri Elison İqlşam isə bildirdi ki, 2030-cu ilə qədər dünya miqyasında işçi qüvvəsinin təqribən yarısının yeni peşəkar bacarıqlar qazanmasına ehtiyac yaranacaq: "Analitik və yaradıcı düşüncə, liderlik və dözümlülük kimi mühüm bacarıqlar qarşıdakı illərdə də öz aktuallığını saxlayacaq. Bununla yanaşı, bu bacarıqlar süni intellekt, böyük verilənlər (big data) və kibertəhlükəsizlik sahələrində sürətlə təkmilləşən texniki biliklərlə zənginləşdirilir".
E.İqlşam daha sonra vurğulayıb ki, texnologiyalar və yeni iqtisadi modellər yalnız insanlar onları inkişaf etdirmək, öyrənmək və səmərəli şəkildə istifadə etmək qabiliyyətinə malik olduqda fayda gətirə bilər: "Forumun "Gələcəyin İş Yerləri Hesabatı"na istinadən, işəgötürənlərin 63 faizi bacarıq defisitini biznesin transformasiyası yolunda başlıca əngəl olaraq qiymətləndirir. Məhz buna görə də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) koordinasiyası çərçivəsində Dünya İqtisadi Forumunun "Qlobal bacarıqlar akseleratoru" proqramı Azərbaycanda reallaşdırılır. Bu təşəbbüs gələcək iqtisadiyyatın tələb etdiyi imkanları yaratmaq məqsədilə dövləti, sənaye sektorunu və akademik ictimaiyyəti vahid platformada birləşdirir".
Xatırladaq ki, “Baku ID” artıq 5-ci dəfə keçirilir. İndiyədək festivalda 13 500-dən çox iştirakçı, 375 startap və 140 tərəfdaş iştirak edib. Təşkilatçıların məlumatına görə, tədbir çərçivəsində startaplara 5,5 milyon ABŞ dollarından çox birbaşa investisiyanın cəlb olunmasına töhfə verilib.
N.ABDALOV
XQ