Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Casusluğun ən qədim alətlərindən biri olan “bal tələsi” bu gün də güclü silah olaraq qalır. İnsan zəifliklərindən yararlanan cazibədar agentlər əsrlər boyu dünyanın ən güclü şəxslərindən sirlər əldə edərək xalqların taleyini dəyişiblər. Saray intriqalarından tutmuş KQB və MİA əməliyyatlarınadək, hakimiyyətə aparan yol çox vaxt yataq otağından keçib.
KQB belə qızları necə hazırlayırdı?
Cazibədar agentin hazırlanması XX əsr kəşfiyyat xidmətləri tərəfindən mükəmməlləşdirilmiş mürəkkəb bir elm idi. Məsələn, SSRİ-də Lubyankada “qartalçalar” üçün altı aylıq kurslar təşkil olunurdu. Məqsəd gələcək casusları tam mənada psixoloji baxımdan azad etmək idi.
Gənc qadınlar dərsləri tamamilə çılpaq halda dinləməli, kişi həmkarları ilə birlikdə hamamlarda çimməli və təcrübəli təlimatçılardan başdan çıxarmağın incəliklərini öyrənməli idilər. Kursu bitirənlər qaydaları əzbər bilirdilər: xüsusi maraq göstərmədən, hissə-hissə informasiya toplamaq; hədəfi daha açıq danışmağa sövq etmək üçün mümkün qədər az danışmaq və əldə edilən bütün məlumatları dərhal kodlayaraq yadda saxlamaq.
Məşhur qurbanlar
“Bal tələsi”nin qurbanları adətən hakimiyyətin ən yüksək pillələrində olan şəxslər olurdu. ABŞ-ın 35-ci prezidenti Con F. Kennedinin Ellen Rometş ilə əlaqələri artıq bütün dünyaya bəlli idi.
Əslən Şərqi Almaniyadan olan Larissa Kronberq-Sobolevskaya Vaşinqtonda yüksək vəzifəli məmurların tez-tez getdiyi gecə klubunun ulduzu idi. İddialara görə, o, məhz bu məmurlar vasitəsilə prezidentə yaxınlaşmışdı. Dövlət Departamenti sonradan hər hansı məxfi məlumat sızmasını inkar etsə də, casus sonda ölkədən deportasiya edildi.
1950-ci illərdə SSRİ-də Fransanın səfiri Moris Dejan KQB agenti Larissa Kronberq-Sobolevskaya tərəfindən tələyə salındı. Qısqanc bir “ərin” qəfil “ifşası”ndan sonra diplomat seçim qarşısında qaldı: qalmaqal və ya əməkdaşlıq. Dejan utanc içində vəzifəsindən uzaqlaşdırıldı və bir KQB zabitinin Qərbə qaçmasından sonra hadisə ictimailəşdi.
Sovet kəşfiyyatçıları da bu cür tələlərdən sığortalanmamışdı. Öz casuslarımız da düşmənin cazibədar agentlərinin qurbanına çevrilirdilər. Onlardan biri Anatoli Filatov idi. Amerika kəşfiyyatı onun Laosda tərcüməçi işlədiyi dövrdə diqqətsizliyini – xüsusilə şəxsi münasibətlərdəki zəifliyini istismar edilə bilən xüsusiyyət kimi qiymətləndirmişdi.
1973-cü ildə Filatov GRU-da mayor rütbəsi ilə Əlcəzairə göndərildi. Orada cazibədar bir qadının köməyi ilə onu kompromat vəziyyətinə salmaq qərarı verildi. Əvvəlcə qadın onu evinə qədər aparmağı təklif etdi; söhbət etdilər və ortaq mövzular tapdılar. Məlum oldu ki, Nadya (agentin adı belə idi) sovet kəşfiyyatı üçün maraqlı olan etnoqrafik sənədlərə malikdir. İlk görüş bir fincan qəhvə ilə bitdi. İkinci görüşdə agent konyak təklif etdi, musiqi açdı və söhbət yataqda sona çatdı.
Bu taleyüklü görüşdən bir neçə gün sonra bir gənc Filatova yaxınlaşaraq Nadya ilə görüşünü əks etdirən kompromat xarakterli fotolara sahib olduğunu bildirdi. Bu şəxs Əlcəzairdəki İsveçrə səfirliyində ABŞ-ın xüsusi missiyasının birinci katibi Edvard Keyn idi. Onun dediyinə görə, ya bu fotolar sovet hərbi kəşfiyyat rəhbərliyinin masasına çatacaqdı, ya da Filatov MİA ilə əməkdaşlığa razılaşmalı idi. Vətənə geri çağırılmaq istəməyən Filatov təklifi qəbul etdi.
Casus ifşa edildi!
Son illərdə keçmiş GRU əməkdaşı Sergey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqal böyük rezonans doğurdu. Kəşfiyyat tarixçisi Valeri Malevannının fikrincə, Skripal da “bal tələsi”nin qurbanı olub. Onun Britaniyanın MI6 kəşfiyyat xidməti tərəfindən 1995-ci ildə İspaniyada, Rusiya səfirliyində hərbi attaşe kimi çalışdığı vaxt ələ alınması baş verib. Ölümcül aldadılma hadisəsi də məhz orada yaşanıb.
İspaniyadan sonra Skripal qısa müddət GRU-nun kadrlar şöbəsinin rəhbəri oldu. MI6 ondan xaricdə fəaliyyət göstərən onlarla rus agenti barədə məlumat əldə etdi. 1999-cu ildə bu struktur bağlansa da, o, Böyük Britaniyaya dəyərli kəşfiyyat məlumatları ötürməyə davam edirdi. Tezliklə Rusiya xüsusi xidmət orqanları Skripalın Moskvada akkreditə olunmuş britaniyalı diplomatlarla, həmçinin İngiltərədə MI6 agentləri ilə əlaqədə olduğunu aşkar etdilər.
Alex Katz (Müəllif)
Rəsmiyyə Şərifova,
KONKRET.az