Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir Ərbakan vardı - Nəcməddin Ərbakan. Türkiyənin XX əsr siyasi tarixinə imzasını atmış siyasətçilərdən biri idi. Liseyi birinciliklə bitirdikdən sonra universitetə imtahansız giriş hüququ qazansa da, imtahana qatılmış və İstanbul Texniki Universitetini qazanmışdı. Doktoranturanı Almaniyanın Aahen Texniki Universitetində bitirmiş və tank motorları sahəsində ixtisaslaşmışdı. Məşhur “Leopard” tanklarının motorunun hazırlanması layihəsində iştirak etmişdi.
İki Qüds arasında
Ərbakan 1969-cu ildən aktiv siyasi fəaliyyətə başlamış, 1974-1978-ci illərdə qurulan üç koalisyon hökumətdə baş nazirin müavini, 1996-1997-ci illərdə baş nazir olmuşdu. 1974-cü ildə Quzey Kıbrısa ordu çıxaran baş nazir Bülent Ecevitin də müavini idi.
Türkiyə siyasətində bir neçə partiyanın (Milli Nizam Partiyası, Milli Səlamət Partiyası, Rifah Partiyası, Fəzilət Partiyası, Səadət Partiyası) qurucusu və lideri olsa da, Ərbakan daha çox Milli Görüş Hərəkatının banisi kimi tarixə düşüb. Atatürk əleyhdarı olan siyasi baxımdan aktiv şəxslər və qüvvələr məhz bu hərəkatda birləşmişdilər. Təsadüfi deyil ki, Milli Səlamət Partiyasının 6 sentyabr 1980-ci ildə Konyada düzənlədiyi Qüds mitinqində İstiqlal Marşının protest edilməsi, şəriət şüarları səsləndirilməsi və ərəbcə pankartlar açılması altı gün sonra baş verən 12 sentyabr çevrilişinin əsas səbəblərindən sayılır.
Ərbakan 1996-cı ildə baş nazir olduqdan sonra ilk səfərlərini İran, Misir, Liviya və Nigeriyaya etdi. Baş nazirin iqamətgahında təriqət liderləri və şeyxlər üçün iftar süfrəsi açdı. Hakim Rifah Partiyasının rəsmi şəxsləri və millət vəkilləri Atatürkə və dünyəvi dövlət sisteminə qarşı açıq şəkildə çıxışlara başladılar. 30 yanvar 1997-ci ildə Sincan Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən Qüds Gecəsində salona HƏMAS və “Hizbullah” liderlərinin fotolarının gətirilməsi, İran səfirinin çıxış etməsi və cihad tamaşasının nümayiş olunması böyük qalmaqala səbəb oldu. Ordu bu dəfə çevriliş etmədi, fevralın 4-də 20 tank və 15 zirehli texnikanın Sincanda keçidini təşkil etməklə hökumətə xəbərdarlıq etdi. Fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında ilk söz alan Dəniz Qüvvətləri komandanı Güven Erkaya hökuməti sərt sözlərlə tənqid etdi, baş nazir Ərbakana “sənin ağzından heç “türk” kəlməsini duymadıq” söylədi. İclasda irtica və şəriət tərəfdarları ilə mübarizəyə dair bir sıra qərarlar qəbul olundu. Ordu ilə hökumət arasındakı gərginlik iyunun 18-də baş nazir Ərbakanın istefası ilə nəticələndi. Ardınca Rifah Partiyası “ölkəni vətəndaş müharibəsinə sürüklədiyinə və dünyəviliyə qarşı hərəkətlərin mərkəzi halına gəldiyinə görə” Konstitusiya Məhkəməsi tərəfindən qapadıldı. Bundan sonra yaratdığı Fəzilət Partiyası da eyni tale ilə üzləşdi.
Elçibəylə görüş və din haqqında mübahisələr
Son vaxtlar sosial şəbəkələrdə Rifah Partiyasının (RP) və Milli Görüş Hərəkatının lideri Nəcməddin Ərbakanın Azərbaycan Prezidenti Əbülfəz Elçibəylə görüşünü əks etdirən videolar yenidən paylaşılır. YouTube-da həmin görüşdən qısa videolar da var, tam video da (https://www.youtube.com/watch?v=Hy1qtrNr3e0&t=756s).
Videodan anlaşılır ki, yanındakı şəxsləri Azərbaycan Prezidentinə təqdim etdikdən sonra RP lideri dərhal iman və cihad haqqında fikirlərini açıqlamağa, ABŞ, İsrail və Avropanı müsəlmanlara zülm etdiyinə görə pisləməyə başlayıb, İslam birliyinin qurulmasının vacibliyini vurğulayıb, azərbaycanlı bürokratlara və elm adamlarına adil düzən haqqında seminar vermək üçün professorlar göndərməyə hazır olduğunu bildirib.
Ərbakanın ağsaqqallıq və yol göstərmək iddiasında olduğunu anlayan Elçibəy ona diplomatik üslubda cavab verib: “Biz yeni qurtulmuşuq. Mənə kimsə desə ki, Turqut bəy (Özal), ya Süleyman bəy (Dəmirəl) belə dedi, mən bunu qəbul etmərəm, mənə kimsə müəllimlik edə bilməz. Mənə müəllimlik edə biləcək dövlət başçısı yoxdur. Mən bir professordan, doktordan, universitet rektorundan öyrənərəm. Amma dövlət başçısı mənə yol göstərərsə, mən onu qəbul etmərəm. Mənim qəbul etdiyim müstəqil, hürr bir Azərbaycan vardır və onun uğrunda çalışacağam”.
Qeyd edək ki, Ərbakanın Azərbaycan səfəri 1992-ci ilin sonu – 1993-cü ilin əvvəlində baş tutub. Səfərdə onu partiyadaşları ilə yanaşı, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Liviya, Küveyt, Pakistan, İordaniya və İran kimi müsəlman ölkələrindən olan iş adamları müşayiət edib. Onların arasında Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.
Ərbakan oğlu Ərbakan
Nəcməddin Ərbakan 2011-ci ildə dünyasını dəyişdi. 2018-ci ildə oğlu Fatih Ərbakan ifrat sağ siyasi baxışa malik Yenidən Rifah Partiyasını (YRP) qurdu. 2023-cü ildə Türkiyə Prezidenti seçkilərində namizədliyini irəli sürsə də, imzatoplama kampaniyası başa çatmadan namizədliyini Rəcəb Tayyib Ərdoğanın xeyrinə geri götürdü və Cümhur İttifaqına qoşuldu. YRP 2024-cü ildə keçirilən bələdiyyə seçkilərinə müstəqil şəkildə qatıldı və seçkini səs sayına görə üçüncülüklə başa vurdu.
Hazırda isə Fatih Ərbakan, müşahidəçilərin fikrincə, post-Ərdoğan dövrünə hazırlaşır və mövcud hakimiyyətə qarşı müxalifətə keçir. Buna revanş cəhdi də demək olar. Çünki ata Ərbakanın başçılıq etdiyi Milli Görüş Hərəkatının zəifləməsində Rəcəb Tayyib Ərdoğan və tərəfdarlarının Fəzilət Partiyasından ayrılaraq Ədalət və İnkişaf Partiyasını qurmasının böyük rolu olub. O dövrü yaşayanlar Ərdoğanın “Milli Görüş köynəyini çıxardıq. Keçmişi unudun, yeni bir partiyayıq” sözlərini yaxşı xatırlayırlar.
Altı ildən çoxdur partiya sədri olan oğul Ərbakanı Azərbaycanda yalnız Türkiyə siyasəti ilə maraqlanan kəsim tanıyırdı. Amma son bir həftədə əksəriyyət tanıyır. Hazırda Fatih Ərbakan “Azərbaycanda hicab qadağan olunub” dezinformasiyasını tirajlayan qaragüruhun siyasi liderlərindən biridir. Atası kimi, Fatih də Türkiyə cəmiyyətinin dindar kəsiminin duyğularına xitab etməyə və 2024-cü ildə keçirilən bələdiyyə seçkilərində olduğu kimi, gələn il baş tutması gözlənilən prezident seçkilərində də AK Partinin səslərini parçalamağa cəhd edir. Elə bu səbəbdən Azərbaycanda vahid məktəb geyimi ilə bağlı Nazirlər Kabinetinin qərarını “Sizin bu yapdığınızı Ermənistan belə yapmır” cümləsi ilə beyinlərə yeritməyə çalışır. Təsəvvür edin, Türkiyədə hakimiyyətə gəlmək istəyən bir partiyanın sədri qonşu Ermənistanın monoetnik dövlət olduğunu və orada müsəlmanların yaşamadığını bilmir. Və yaxud bilsə də, faktı təhrif edərək Azərbaycanı əsassız yerə ittiham edir.
Elə bu pozuculuq fəaliyyətinə görə Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq Fatih Ərbakanı da “arzuolunmaz şəxs” elan edib və onun ölkəmizə girişinə qadağa qoyub. Normalda YRP sədri fəaliyyətinin iki qardaş dövlət arasındakı münasibətlərə xələl gətirdiyini dərk etməli və üzr istəməli idi. Amma bala Ərbakan nə etdi? Sosial şəbəkə hesabında üzrü qələtindən betər olan bir açıqlama yazdı və bildirdi ki, “Azərbaycanla olan qardaşlıq hüququnu ... Rəhmətlik Elçibəydən, Rəsulzadədən, Tağıyevdən öyrəndik”. Üstəlik, dünən axşam partiyasının Ankara təşkilatının üzvlərini Azərbaycanın Türkiyədəki səfirliyi önündə piket keçirməyə göndərdi. Onlar da gəlib “Mücahid Ərbakan” qışqırıb dağılışdılar. Fəqət adam nəyin mücahidliyini edib, bilinmədi.
Fatih Ərbakana deyən lazımdır ki, Rəsulzadə və Tağıyev bir əsr əvvəl yaşadıqları üçün əlimizdə real görüntüləri yoxdur, amma hiss olunur ki, atasının Elçibəylə görüş videosundan çıxardığı nəticələr doğru deyilmiş. 1992-ci ildə cəmi bir ildir müstəqil olan Azərbaycanın yeni seçilmiş prezidenti Türkiyənin üç hökumətində baş nazirin müavini olmuş və dörd ildən sonra baş naziri olacaq adama açıq mətnlə deyir ki, “Mənə müəllimlik edə biləcək dövlət başçısı yoxdur”.
Bu cümlənin digər mənası odur ki, “sən hazırda dövlət və ya hökumət başçısı olmadığın üçün müəllimlik iddian bəri başdan iflasa məhkumdur”. Bu sözlər deyiləndə Azərbaycan müharibə aparan və bir il sonra ağır məğlubiyyətə uğrayacaq zəif bir məmləkət idi, amma indi Vətən müharibəsindən qalib çıxan, 30 il işğal altında olmuş Qarabağda türkün şanlı bayrağını qaldıran güclü bir dövlətdir. Hansı məntiqlə düşünürsən ki, Azərbaycan Prezidenti İlham Əliyev sənin kimi orta əsr düşüncəli adamların fikrini nəzərə almalıdır?
Azərbaycandan əvvəl Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Quzey Kıbrıs kimi ölkələrin ümumtəhsil məktəblərində hicab qadağan olunub. Nədən Fatih Ərbakan və onun kimi nurçu-islamçı çevrənin nümayəndələrindən kimsə gedib bu ölkələrin səfirlikləri qarşısında aksiya keçirərək, “hicaba azadlıq!” qışqırmadı? Bu ilin mart ayında ABŞ və İsrailin İrana hücumu zamanı Minab şəhərində vurulan məktəbdə 168 məktəbli həlak oldu. Azərbaycanın Türkiyədəki səfirliyi önünə toplaşan orta əsr görünüşlü və zehniyyətli qüvvələr niyə ABŞ və İsrail səfirlikləri önündə buna etirazını bildirmədi? Heç uyğurlara edilən zülmə görə də Çin səfirliyinin həndəvərindən belə keçməyiblər. Fatih Ərbakan Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, atasını siyasi iflasa aparan səbəbləri təhlil etsəydi, müsəlman ölkələrinin birliyi ideyasının heç vaxt baş tutmamasının nədənlərini də anlayardı. Ən azı bilərdi ki, Osmanlı imperiyasını iflasa uğradan səbəblər arasında ermənilərlə yanaşı, ərəblərin də xəyanəti mühüm rol oynayıb. 1980-ci illərdə dünyanın müxtəlif ölkələrində türk diplomatlarını qətlə yetirən ASALA terrorçularının Livandakı düşərgələrdə təlim keçdiyini öyrənmək şansı da vardı.
Azərbaycana və onun rəhbərinə qarşı Türkiyədə hədyan yağdıranlar unutmamalıdır ki, Türk Dünyasında Mustafa Kamal Atatürkdən sonra ikinci Qurtuluş savaşına başlayıb, onu qalibiyyətlə bitirən yeganə lider Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan dövləti Atatürkün dünyəvilik (laiklik) və çağdaş dövlətçilik prinsiplərinə Türkiyədəki bəzi siyasi çevrələrdən daha ardıcıl şəkildə sadiq olduğunu hər zaman nümayiş etdirib. Elə ona görə də ölkəmizdə dini inanc heç bir qüvvəyə siyasi üstünlük və hakimiyyət qazandıra bilməyib.
Və nəhayət, Türkiyədəki arkadaşlarımız birdəfəlik anlamalıdır: Azərbaycan-Türkiyə münasibətləri qan qardaşlığı üzərində qurulub, din qardaşlığı üzərində yox. Bunu həm Rəsulzadədən, həm Tağıyevdən, həm Elçibəydən, həm də Heydər Əliyevdən öyrənmişik. Bizə din qardaşlığı lazım olsaydı, əhalisinin yarısı azərbaycanlı olan İran bəsimiz idi. Çanaqqalada savaşanda da, Sarıqamışda donanda da, Nargin adasından əsir türk əsgərləri Anadoluya qaçırılanda da, Bakını işğaldan azad edəndə də, Atatürkün Milli Mücadiləsinə yardım edəndə də, İkinci Qarabağ savaşında da, “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparanda da qan qardaşlarımızla çiyin-çiyinə olmağın verdiyi güvənə arxalanmışıq. Bu güvəni sarsıtmaq istəyənləri tarix də, millət də bağışlamayacaq.
Cavid İsmayıl,
tarix üzrə fəlsəfə doktoru