“Balaca səyyah” tamaşaçılarla görüşüb

16.11.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Kukla Teatrında “Balaca səyyah” tamaşasının premyerası olub. Tamaşa Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanıb.

“Balaca səyyah”ın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, yeni səhnə əsərində uşaqlara arzuların gerçəkləşməsi üçün yalnız xəyal qurmağın kifayət etmədiyini, bunun üçün bilik və zəhmətin də vacib olduğunu göstərməyə çalışmışıq.

O qeyd edib ki, tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək, üfüqləri aşmaq arzusunda olan balaca oğlandır. “O, ilk səyahətinə çıxaraq dəniz canlıları və digər maraqlı obrazlarla qarşılaşır, müxtəlif macəralar yaşayır və hər qarşılaşmada yeni bir həqiqəti kəşf edir. Onun səyahəti zamanı qarşılaşdığı obrazlar və yaşadığı macəralar uşaqlara müxtəlif bilikləri əyləncəli formada çatdırır. İstəyimiz odur ki, balaca tamaşaçılar həm maraqlı səhnə əsəri izləsin, həm də öyrənməyin, araşdırmağın və dünyanı tanımağın əhəmiyyətini anlasınlar. Yumor, fantaziya, interaktiv dialoqlar və rəngarəng kukla obrazları ilə zəngin olan tamaşa balaca tamaşaçıları həm əyləncəli macəraya, həm də bilik dünyasına dəvət edir”, - deyə A.Məmmədov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью