Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illər ölkəmizin ərazisində inşa olunmuş kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilir və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır. Bu baxımdan Balakən çayı üzərində tikilmiş stansiyanın fəaliyyəti də diqqəti cəlb edir. Xatırladaq ki, ümumi gücü 1,44 meqavat olan “Balakən” Kiçik Su Elektrik stansiyasının təməli 2010-cu ildə qoyulub.
Hər birinin gücü 0,48 meqavat təşkil edən 3 hidroaqreqatdan ibarət stansiya 2017-ci il avqustun 3-də istifadəyə verilib. Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı il iyulun 1-dək burada 29,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, son illər ölkəmizdə elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə bp, “Masdar”, “ACWA Power”, “China Gezhouba Group Overseas Investment”, “SOCAR Green” və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur.
Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.
XQ