Balakəndə qədim məbədi aşkar edilib

01.05.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşı tərəfindən Balakən rayonunun Mahamalar kəndi ərazisində aparılan tədqiqatlar zamanı yeni tarixi abidə – qədim məbəd aşkarlanıb. 

Şöbənin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin verdiyi məlumata görə, ilkin tədqiqatlar aparılıb və abidənin erkən xristian dövrünə aid olduğu ehtimal edilir.

O, həmçinin məbədin memarlıq baxımından tək nefli quruluşa malik olduğunu deyərək vurğulayıb ki, tikili çöl tərəfdən düzbucaqlı formada inşa edilsə də, daxili hissədə mehrab oval görnüşü ilə seçilir. Abidə əsasən çay daşından tikilib.

Akif Məmmədlinin sözlərinə görə, məbədin bir hissəsi hazırda torpaq altında qalıb ki, bu da onun tam şəkildə öyrənilməsini çətinləşdirir. Bununla belə, aparılan ilkin müşahidələr abidənin mühüm tarixi əhəmiyyətə malik olduğunu göstərir.

Tarixçi alim bildirib ki, sözügedən məbəd bu günədək elmi ədəbiyyatda qeyd olunmayıb və rəsmi şəkildə qeydə alınmayıb. Araşdırmaların davam etdirilməsi və abidənin daha ətraflı öyrənilməsi planlaşdırılır.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью