Balakəndə “Zamanın rəngləri Zəfər” adlı sərgi açılıb

02.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Balakən, 2 noyabr, AZƏRTAC

Balakən Rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümü – Zəfər Günü münasibətilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Məhəmməd Yüzbaşıyevin əsərlərindən ibarət “Zamanın rəngləri – Zəfər” adlı sərginin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Qələbədən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığından danışıb. O, sərginin əhəmiyyətini vurğulayıb, nümayiş olunan əsərlər barədə fikirlərini bölüşüb.

Sərgidə rəssamın Zəfər Gününün tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və qələbə ruhunu, eləcə də milli-mənəvi dəyərlərimizi əks etdirən əsərləri nümayiş olunub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Məhəmməd Yüzbaşıyev ona göstərilən diqqətə və sərginin təşkili üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, noyabrın 6-dək davam edəcək sərgi çərçivəsində rəssamla görüşlərin, Balakən Rayon Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Azərbaycan incəsənətində Zəfər mövzusu” mövzularında dəyirmi masaların keçirilməsi nəzərdə tutulur. Həmçinin Balakən Uşaq İncəsənət Məktəbində rəngkarlıq sənəti üzrə ustad dərsləri təşkil ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью