Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Bakıda “Mərkəzi Baltikyanı – Azərbaycan” biznes forumu keçirilib.
Məclisdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı bildirib ki, Azərbaycan, Latviya, Estoniya və Finlandiya sahibkarlarının B2B formatında keçirilən görüşləri çərçivəsində təşkil olunan işgüzar forum və imzalanan sənədlər ölkələrimizin biznes subyektləri arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsində yeni mərhələ olacaq.
Qeyd olunub ki, Baltik və Şimali Avropa ölkələri innovativ iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal həlləri ilə bütün dünyada tanınır.
Azərbaycan isə öz növbəsində Cənubi Qafqazın iqtisadi mərkəzi, enerji, nəqliyyat, logistika və müasir kənd təsərrüfatı sənayesində regional lider kimi yeni əməkdaşlıq imkanları təqdim edir.
Ziya Hacılının sözlərinə görə, bu razılaşmalar sadəcə rəmzi xarakter daşımır, əksinə, işgüzar dairələr arasında uzunmüddətli və institusional əməkdaşlıq üçün praktiki bir “yol xəritəsi” rolunu oynayır.
Forumda bildirilib ki, birgə fəaliyyət üçün real potensial “yaşıl enerji” və bərpaolunan texnologiyalar, rəqəmsal iqtisadiyyat və innovativ ekosistemlər, o cümlədən startap sahəsində əməkdaşlıq, eləcə də kənd təsərrüfatı və qida sənayesi kimi əsas istiqamətlər də mövcuddur.
Estoniyanın Azərbaycandakı səfiri Vayno Reynart çıxışında qeyd edib ki, Azərbaycan regionda baş verən son geosiyasi dəyişikliklər fonunda logistika baxımından getdikcə daha vacib rol oynayır və Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir.
Səfir, həmçinin ölkəsinin Şərq-Qərb arasında nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycan üzərindən keçən Orta Dəhlizin inkişafını dəstəklədiyini vurğulayıb.