Bank kartı olanlar bu riskdən xəbərsizdir Açıqlama

07.08.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bəzən insanlar yaxınlarına kömək etmək və ya müxtəlif ödənişləri asanlaşdırmaq məqsədilə bank kartlarını müvəqqəti olaraq başqa şəxslərin istifadəsinə verirlər. Lakin sadə görünən bu addım gözlənilməz hüquqi və maliyyə problemlərinə səbəb ola, kart sahibini heç gözləmədiyi məsuliyyətlə üz-üzə qoya bilər.
Bank kartını başqa şəxsə vermək qanunvericilik baxımından hansı nəticələr doğura bilər?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər bank kartı başqa bir şəxsin istifadəsinə verilərsə və həmin kart vasitəsilə qanunsuz əməliyyat həyata keçirilərsə, ilk növbədə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə kart sahibi düşə bilər:
“Çünki kart rəsmi olaraq məhz onun adına rəsmiləşdirilib və aparılan əməliyyatlar ilkin mərhələdə onunla əlaqələndirilir. Belə bir vəziyyətdə kart sahibinin hüquqi məsuliyyətə cəlb olunması ehtimalı mövcuddur. Əgər o, qanunsuz əməliyyatda iştirak etmədiyini, kartdan başqa bir şəxsin istifadə etdiyini və həmin əməliyyatların onun iradəsindən kənarda baş verdiyini inandırıcı sübutlarla təsdiq edə bilməzsə, bu, onun üçün ciddi hüquqi risklər yarada bilər”.
Hüquqşünas söyləyib ki, yəni “kartı başqasına vermişdim, əməliyyatı o edib” demək təkbaşına məsuliyyətdən azad olmaq üçün kifayət etmir:
“Bu halın müvafiq sübutlarla təsdiqlənməsi vacibdir. Əks halda, qanunsuz maliyyə əməliyyatları, dələduzluq, çirkli pulların yuyulması və ya digər hüquqazidd əməllərlə bağlı araşdırmalarda kart sahibinin də məsuliyyətə cəlb edilməsi ehtimalı istisna edilmir. Məhz buna görə də bank kartının və ona aid rekvizitlərin başqa şəxslərə verilməsi ciddi risk hesab olunur və vətəndaşlara kartlarından yalnız özlərinin istifadə etmələri tövsiyə edilir”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью