Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda bank kartları ilə bağlı fırıldaqçılıq hallarının sayı və vurduğu zərərin həcmi kəskin artıb.
Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bank kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat olub. 2025-ci ilin ilk 9 ayında isə bu məbləğ 2 milyon 887 min 957 manat təşkil edib. Beləliklə, bir il ərzində fırıldaqçılıq əməliyyatlarının həcmi 2 milyon 163 min 369 manat və ya 74,91 faiz artıb.
2026-cı ilin ilk 9 ayında bank kartları ilə bağlı ümumilikdə 33 min 272 fırıldaqçılıq halı qeydə alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 19 min 941 olub. Başqa sözlə, fırıldaqçılıq hallarının sayı 13 min 331 və ya 66,85 faiz artıb.
Fırıldaqçılıq əməliyyatlarının ümumi həcminin 4 milyon 60 min 275 manatını (80,38 faiz) daxili ödəniş şəbəkəsi üzrə həyata keçirilən fırıldaqçılıq əməliyyatları təşkil edib.
"Bakupost" xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "AzPolitika"ya açıqlamasında kart fırıldaqçılığının artmasının əsas səbəblərindən birinin vətəndaşların maliyyə savadlılığının aşağı olması ilə bağlı olduğunu bildirib.
Ekspertin sözlərinə görə, fırıldaqçılıq hallarının əksəriyyəti vətəndaşların öz ehtiyatsızlığı nəticəsində baş verir. Belə ki, insanlar müxtəlif üsullarla aldadılaraq bank kartlarının məlumatlarını kənar şəxslərə təqdim edirlər.
Ə.Həsənov qeyd edib ki, bəzi hallarda dələduzlar vətəndaşlara zəng edərək onlara psixoloji təzyiq göstərir, müxtəlif bəhanələrlə kart məlumatlarını ələ keçirirlər: "Digər hallarda isə insanlar şübhəli internet saytları və platformalar üzərindən alış-veriş edərkən kart məlumatlarını daxil edirlər. Nəticədə onların hesablarından pul vəsaitləri oğurlanır. Ancaq bütün halların yalnız vətəndaşların ehtiyatsızlığı ilə əlaqələndirilməsi düzgün deyil".
Onun sözlərinə görə, bəzi fırıldaqçılıq hadisələri bankların informasiya təhlükəsizliyi sistemlərindəki boşluqlarla da bağlıdır. Belə hallarda vəsaitlər bank sistemlərinin təhlükəsizlik problemləri nəticəsində mənimsənilə bilər.
Ə.Həsənov bildirib ki, son dövrlər Azərbaycan Mərkəzi Bankı bu məsələyə daha ciddi nəzarət etməyə başlayıb. Məqsəd bankların informasiya təhlükəsizliyi sistemlərinin etibarlı fəaliyyətini təmin etmək və müştərilərin vəsaitlərinin qorunmasını gücləndirməkdir.