Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
"Banklar əsasən bazarda pul vəsaitlərinə tələbat azaldıqda və maliyyə resursları kifayət qədər olduqda depozit faizlərini aşağı salırlar".
Bunu Banco.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib.
"Çünki banklar əhalidən cəlb etdikləri əmanətləri kredit şəklində yerləşdirir və bu vəsaitlərdən gəlir əldə edirlər. Əgər kreditlərə tələbat azalırsa və ya bankın kifayət qədər sərbəst maliyyə resursu varsa, yüksək faizlə yeni depozit cəlb etməyə ehtiyac qalmır. Bu zaman banklar əmanət faizlərini aşağı salırlar", - ekspert əlavə edib.
Onun sözlərinə görə, digər mühüm amil Mərkəzi Bankın pul-kredit siyasətidir: "Uçot dərəcəsinin aşağı salınması, bazarda faizlərin ümumi azalması və inflyasiya gözləntilərinin dəyişməsi bankların depozit siyasətinə təsir göstərir. Eyni zamanda, banklar arasında əmanət uğrunda rəqabət zəiflədikdə də faizləri azaltmaq üçün imkan yaranır.
Burada bankların gəlirlilik marağı da mühüm rol oynayır. Banklar depozitlərə yüksək faiz ödəyib, kreditləri daha aşağı faizlə yerləşdirdikdə gəlirləri azalır. Ona görə də onlar maliyyə resurslarının dəyərini aşağı salmağa çalışırlar. Lakin depozit faizlərinin azalması əmanətçilərin qazancını azaldır və vəsaitlərini bankda saxlamaq marağını zəiflədə bilər. Bu baxımdan banklar faizləri müəyyənləşdirərkən həm öz maliyyə ehtiyaclarını, həm də əhalinin əmanət davranışını nəzərə almalıdırlar".
Bizi sosial şəbəkələrdən izləyin!!