Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Banklar müştəri cəlb etmək üçün müxtəlif xərclər çəkirlər, reklam kampaniyaları aparırlar. Keşbek də bu strategiyanın bir elementi idi. Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi üsullardan biri də "keşbek kampaniyaları"dır. Keşbek faizləri banklar üçün əslində əlavə bir xərc mənbəyidir. İqtisadçının sözlərinə görə, bu vəsaitlər birbaşa bankların öz büdcəsi hesabına qarşılanır və hər hansı qanunla tənzimlənmir. Yəni bu, sadəcə olaraq, bankların müştəri cəlb etmək üçün könüllü tətbiq etdikləri bir təşviqdir".
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, bank müştəriyə keşbek verərək onu sistemə cəlb edir. Sonra həmin müştərinin valyuta mübadiləsi əməliyyatlarından, kartdan-karta köçürmələrdən, nağd pul çıxarışından və hətta kredit məhsullarından gəlir əldə edə bilir. Yəni bank keşbek vasitəsilə müştəri ilə uzunmüddətli münasibət qurur və əlavə qazanc imkanları yaradır. Amma layihə kütləviləşdikcə xərclər idarəolunmaz həddə yüksəlir. Bu da bankı məcbur edir ki, keşbek faizlərini azaltsın və strategiyanı yenidən dizayn etsin: "Əvvəlki dövrlərlə müqayisədə bu gün keşbek faizlərinin azalmasının əsas səbəblərindən biri də məhz bu xərclərin banklara ziyan gətirməsidir. Əvvəllər banklar kart istifadəçiliyini təşviq etmək, rəqəmsal ödənişləri artırmaq və müştəri bazasını genişləndirmək üçün yüksək keşbeklər təqdim edirdilər. Çünki hər bir kartla ödəniş zamanı bank təxminən 1-1.5% arası komissiya gəliri əldə edir. Bu səbəbdən banklar üçün vacib idi ki, müştərilər ödənişlərini nağd yox, kartla etsinlər".
İqtisadçı vurğulayıb ki, bəzi banklar hətta 3-5 faiz keşbek təklif edirdilər: "Bunun arxasında duran məntiq sadədir. Banklar düşünürlər ki, bu cür təşviqlərlə müştəriləri daha yaxından tanıyacaq, onlara əlavə məhsullar - məsələn, kreditlər, valyuta dəyişimi və digər xidmətlər təklif edə biləcəklər. Zaman keçdikcə və banklararası rəqabət artdıqca isə keşbek faizlərini süni şəkildə yüksəltmək tendensiyası yarandı. Bu da artıq bankların büdcəsinə ciddi təzyiq yaratmağa başladı. Daha dəqiq söyləsək, müştəri cəlb etmə xərcləri qazancdan çox oldu. Nəticə etibarilə, keşbek sisteminin banklara gətirdiyi xərc də gəlirdən üstün oldu. Nəticədə bu, keşbek faizlərinin tədricən azaldılmasına səbəb olub".
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bank müştərini cəlb etmək üçün kəşbek kampaniyalarını yaradıb: "Keşbek kimi əlavə təşviq mexanizmləri bankların xərclərini artırır. Faizlər aşağı düşəndə banklar gəlirlərini qorumaq üçün belə əlavə endirim və bonusları məhdudlaşdırırlar. İqtisadi qeyri-müəyyənlik və risklərin artması bankların daha ehtiyatlı davranmasına səbəb olur. Nəticədə faizlərin aşağı salınması ilə birlikdə keşbek kampaniyalarının dayandırılması bankların maliyyə dayanıqlığını təmin etmək və uzunmüddətli gəlirliliklərini qorumaq məqsədini güdür. Bu, həmçinin bazarda rəqabət şəraitinin dəyişməsi və iqtisadi göstəricilərin təsiri ilə bağlıdır".
Sevinc QARAYEVA