Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mərkəzi Bank tərəfindən 2025-ci ilin 4-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.
Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələblərin qiymətləndirilməsini əhatə edir. Sorğu nəticələrinə əsasən, Azərbaycanda bank sektorunda kreditləşmə, xüsusilə istehlak, biznes və ipoteka sahələrində aktiv artım müşahidə olunub.
Ümumilikdə 18 bankın istehlak kredit portfeli, 15 bankın biznes kredit portfeli və 17 bankın ipoteka portfeli böyüyüb. 2 bankın istehlak krediti isə 1 milyard manatı keçib.
Qeyd edək ki, son vaxtlar bankların kredit faizlərində artım müşahidə olunur. Belə ki, ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.
Maraqlıdır, kredit faizlərinin artması tələbin artmasından irəli gəlir? Eyni zamanda, banklarda kredit faizlərində artım davam edəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ümumilikdə kredit faizinin artmasının bir neçə səbəbi var:
“Birincisi, banklar üçün vəsaitin bahalaşmasıdır. Yəni həmin vəsait bankın özünün deyil, əmanətçidən, yaxud Mərkəzi Bankdan borc götürüb. Əmanətçi də bilir ki, son zamanlar əmanət faizləri qismən artıb. Bu baxımdan, banklar üçün də pul bahalaşır.
İkincisi, bank üzrə kredit faizi dərəcəsi, xüsusilə də kreditin faiz dərəcəsi kredit riskinin göstəricisidir. Yəni problemli kreditlər artdıqca təbii ki, faizlər də artır. Bank bilir ki, həmin kreditin qaytarılmama ehtimalı yüksəkdir, onun əlavə xərci çıxa bilər.
Üçüncü səbəbə gəldikdə isə qiymət artımı ancaq vətəndaşa aid deyil, banklara da aiddir. Yəni bankların da xərcləri artır. Digər tərəfdən bu ildən vətəndaşların əməkhaqqına vergi tətbiq edilir.
Bank da işçilərinə verdiyi maaşdan vergi verir. Bank da çalışır ki, işçinin əməkhaqqını artırsın ki, işçi itirməsin. Pulu haradan götürsün? Müştərilər üçün faizi artırır. Bu amillərlə bağlı olduğuna görə, banklarda faiz artımı davam edəcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Kredit Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin