Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Ölkə.az-a bildirib ki, birləşmənin nəticəsi iqtisadi vəziyyətdən asılıdır:
“Azərbaycanda uğurlu bank birləşməsi təcrübələri mövcuddur. Buna “Bank of Baku”, “Unibank” və “Kapital Bank”ı misal göstərmək olar. Bu birləşmələr bank sistemimizin inkişaf dövründə baş verib və uğurla nəticələnib. İnkişaf dövründə banklar birləşirsə, bu, onların daha da böyümək istəyi ilə bağlı olur. İndi isə bank sektorunda böhran dövrüdür. Bu zaman birləşmə böyümək istəyi ilə bağlı baş vermir. “Atabank” və “Caspian Development Bank”ın birləşməsində isə hər iki bank zəif bank idi və iflasla nəticələndi”.
Ekspertin sözlərinə görə, “Bank Respublika” ölkənin ən iri özəl banklarından biri olsa da, “Accessbank”ın vəziyyəti ilə bağlı eyni fikri demək olmaz: “Accessbank” da vaxtilə yaxşı banklardan biri idi, lakin milli valyutanın devalvasiyasından sonra bankın vəziyyəti xeyli pisləşdi, idarəetmədə problemlər oldu, sahibkarlara qarşı qanunsuzluqlar edildi. Hazırda “Accessbank” ən zəif banklardan biridir. Məlumdur ki, bankın xarici beynəlxalq səhmdarları çıxmaq istəyirlər”.
Ə.Həsənov qoşulmadan sonra müştəriləri hər hansı təhlükənin gözləmədiyini desə də, bank əməkdaşları ilə bağlı oxşar nəticələri gözləmədiyini deyib: “AccessBank”ın “Bank Respublika”ya qoşulması ilə əmanət və kredit portfeli banka ötürüləcək və müştərilər üçün hər hansı təhlükə olmayacaq. Güman olunur ki, “Bank Respublika” “Accessbank”ı müəyyən güzəştli şərtlərlə satın alıb. Lakin təbii olaraq “Accessbank”ın xeyli işçisi ixtisar olacaq. Çünki bu qədər filial, departament və şöbələrin təkrarlanmasına ehtiyac yoxdur”.
İqtisadçı ekspert Ramil Abbasov isə qeyd edib ki, belə birləşmələr adətən təkcə aktivlərin, kredit portfellərinin və müştəri bazalarının birləşdirilməsi demək deyil. Eyni zamanda iki bankda paralel fəaliyyət göstərən departamentlərin, rəhbər vəzifələrin, back-office funksiyalarının və filial şəbəkəsinin gələcək taleyi də maraq doğurur:
“İki bank vahid struktura çevrildikdə insan resursları, maliyyə, hüquq, risk, audit, marketinq, IT və digər inzibati sahələrdə bir-birini təkrarlayan funksiyaların olması qaçılmazdır. Beynəlxalq təcrübədə də, belə birləşmələrdən sonra struktur və xərclərin optimallaşdırılması tez-tez müşahidə olunur və ixtisarlar adətən 10-15% təşkil edir. Təbii ki, az da olsa ixtisar olmayan və ya müəyyən bir müddətə ixtisar olmayacağı barədə öhdəlik götürən banklar da olub.
İşçi sayına baxdıqda “Bank Respublika” və “AccessBank”ın əməkdaşlarının sayı müvafiq olaraq təxminən 2000 və 1600 nəfərdir. Filial sayına görə hər bir bankın 39 filialı olduğunu nəzərə alsaq, o zaman birləşdikdən sonra bu, 78 filial edir. Həmçinin birləşmədən sonra aktivlər 4,5 mlrd manat, kredit portfeli isə 3,3 mlrd manat olacaq”.
Ekspert deyir ki, bu, “Beynəlxalq Bank”ın filial və işçi sayına (10% fərqlə) uyğun gəlir. Lakin Beynəlxalq bankın aktivləri təxminən 15 mlrd manat, kredit portfeli isə 8 mlrd manat təşkil edir”.
“İndidən konkret nəticə çıxarmaq düzgün olmaz. Digər tərəfdən, daha böyük və güclü bankın yaranması yeni məhsulların, biznes istiqamətlərinin və iş imkanlarının ortaya çıxmasına səbəb ola bilər”, - deyə R. Abbasov əlavə edib.
Könül Vəliyeva