Barmaqarası tərlik geyinməyi qadağan etdilər

24.06.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İtaliyanın ən məşhur turizm məkanlarından biri olan Çinkve Terre Milli Parkında yay mövsümü ilə əlaqədar təhlükəsizlik qaydaları yenidən sərtləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, Parkın gəzinti marşrutlarında barmaqarası tərlik, sandal və digər uyğun olmayan ayaqqabılarla hərəkət edən turistləri 2500 avroya qədər cərimə gözləyir.

Park rəhbərliyinin qərarına əsasən, dik və sürüşkən cığırlarda təhlükəsizliyi təmin etmək məqsədilə uyğun gəzinti ayaqqabısı geyinmək məcburidir. Qaydanı pozan şəxslər 2500 avroyadək cərimələnə bilər.

Bildirilir ki, düzgün seçilməmiş ayaqqabılar son illərdə gəzinti marşrutlarında baş verən qəzaların əsas səbəblərindən biridir.

Bununla yanaşı, turist sıxlığını azaltmaq üçün bəzi marşrutlarda birtərəfli hərəkət sistemi də tətbiq olunur. Xüsusilə yay aylarında ən çox istifadə edilən Monterosso-Vernazza cığırında ziyarətçilərə müəyyən saatlarda yalnız bir istiqamətdə hərəkət etməyə icazə verilir.

Çinkve Terre Milli Parkında gəzmək istəyən turistlərdən həmçinin ödənişli “Cinque Terre Card” əldə etmələri tələb olunur. Kart parkın gəzinti yollarından və digər xidmətlərdən istifadə üçün məcburidir.

Park rəhbərliyi yay mövsümündə nəzarətin gücləndirildiyini bildirərək, Çinkve Terreyə səfər etməyi planlaşdıran turistlərə barmaqarası tərlik əvəzinə rahat və təhlükəsiz ayaqqabılar götürməyi tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью