Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Barselona” və “Real Madrid”in aşağı yaş komandalarında çıxış etmiş Xayme Jardi hazırda “Komo”nun formasını geyinən Niko Pas haqqında maraqlı açıqlama verib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu argentinalı yarımmüdafiəçi ilə Madrid klubunun akademiyasında birlikdə keçirdiyi dövrü xatırlayıb.
Jardinin sözlərinə görə, Pasın qeyri-adi bacarığı ilk tanışlıqdan özünü büruzə verib:
“Onun çox yaxşı, xüsusi futbolçu olduğu artıq görünürdü. Belə oyunçunun nə qədər irəli gedə biləcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir. Amma onu ilk dəfə görəndə çox yaxşı futbolçu olduğunu düşündüm. İstedadı məni həqiqətən təəccübləndirdi”.
2024-cü ildə “Real Madrid”dən ayrılaraq “Komo”ya keçən Pas İtaliya klubunda özünü təsdiqləməyi bacarıb.
2023-cü ildə Madrid təmsilçisindən ayrılan Jardi isə hazırda “Real Saraqosa”da çıxış edir. O, cari mövsümdə altı qol vurub və beş məhsuldar ötürmə edib.