Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bu yazını qələmə alarkən gözlərimiz önündə qeyri-ixtiyari olaraq “yay kimi dartınıb, ox kimi süzən” ceyran sürüləri canlandı. Həyatda “bu çöllər gözəli”ni ilk dəfə bir neçə il əvvəl bir yaz günü Bakı-Astara mügistral yolu ilə ata-baba yurdum Lerikə gedərkən avtobusun pəncərəsindən Şirvan Milli Parkının ərazisində görüb müşahidə etmişəm.
Yolda ceyranları gördüyümü Vəzir babama həvəslə nəql etdim. Babam ovçudur, məni diqqətlə dinləyib dedi ki, o, Lerik meşələrində dəfələrlə yanında körpə balası olan ana ceyranlara rast gəlib. Amma heç vaxt onlara güllə atmayıb. “Ceyranlar, həqiqətən, çox gözəldir!”-dedi Vəzir babam.
Sonra babam Səməd Vurğunun “Ceyran” şeirini əzbərdən söylədi. Məndən şeiri əzbərdən bilib-bilməməyimi soruşdu. Mən də şəstlə ən çox sevdiyim bu bəndi söylədim:
On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
...O vaxtdan hər dəfə Şirvan Milli Parkının yanından ötəndə mütləq əraziyə göz gəzdirirəm. Parkın ərazisi isə kənardan göründüyü kimi, əsasən boz, yarımsəhra çöllərdən ibarətdir. İlk baxışda zahirən heç də cəlbedici olmayan çöllərə bu zərif məxluqlar–ceyranlar necə də yaraşır! Bu yaxınlarda rəfiqəmlə turist kimi qoruğa gedəndə buradakı ceyranları yaxından müşahidə etdim. Diqqətimi ən çox bu məsum, ürkək məxluqların iri, qara gözləri çəkdi. İlahi, nələr yox idi o gözlərdə?!
Xalqımızın ceyranlara məhrəm münasibəti, sevgisi var və bu səmimi hisslər folklor və ədəbiyyatımızda da öz geniş əksini tapıb. Rəssamlarımız “ceyran gözlü gözəlləri” tablolarında təsvir etməkdən zövq alıblar. Aşıq və şairlərimiz qoşma və şeirlərində ceyranları o ki var vəsf ediblər.
Bu yerdə qeyd etməliyəm ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən İDEA layihəsi çərçivəsində Şirvan Milli Park kompleksinə daxil olan Şirvan Dövlət Təbiət Qoruğunda ceyranların mühafizə olunaraq artırılmasına xüsusi diqqət göstərilir. Öyrəndim ki, ceyranlar sözügedən layihə çərçivəsində ölkəmizin bir çox başqa bölgələrindəki qoruqların ərazilərində də mühafizə olunur.
Məlum olduğu kimi, Cənubi Qafqazda ceyranlar vaxtilə sıx məskunlaşsa da, ötən əsrdə onların sayında kəskin azalma müşahidə olunub. 1961-ci ildə respublikamızın ərazisində 131 baş ceyran qeydə alınıb. Bu nadir növün xilası üçün 1961-ci ildə Bəndovan dövlət təbiət yasaqlığı yaradılıb. Bir müddət sonra Şirvan Dövlət Təbiət Qoruğu, 2003-cü ildə isə ərazidə Şirvan Milli Parkı fəaliyyətə başlayıb. Hazırda ərazidə 8 mindən çox ceyran mühafizə olunur.
Ölkənin müxtəlif yerlərindən və həmçinin Azərbaycana gələn xarici turistlər Şirvan Milli Parkına qonaq olurlar. Parka gələnlərin əraziyə ekskursiyası təşkil olunur. Ekskursiyaya gələnlərə parkın bələdçiləri xidmət göstərirlər. Onlara parkda mühafizə olunan nadir heyvanlar, köçəri quşlar və su altında qalmış şəhərlərlə bağlı ətraflı məlumat verirlər. Parkda bir neçə xarici dili bilən bələdçilər də var.
Leyla HADİYEVA,
tələbə-jurnalist