Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

04.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Müasir dünyada geosiyasi gərginliklər və qlobal çağırışlar fonunda mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə “Bakı Prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və Qlobal Bakı forumları vasitəsilə mühüm töhfələr verir. Oktyabrın 27–29-da Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da qlobal əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rza Əliyev AZƏRTAC-a müsahibəsində Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqində rolu, beynəlxalq platformalarda əldə olunan nəticələrin konkret təşəbbüslərə çevrilməsi yolları və qlobal problemlərin həllində çoxtərəfli əməkdaşlığın imkanları barədə danışıb.

- Azərbaycan əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm və qarşılıqlı hörmət ənənələrinin ölkənin ictimai həyatında mühüm yeri var. Sizcə, Azərbaycanın bu tarixi və müasir təcrübəsi beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təşviqi üçün hansı imkanlar yaradır?

- Hesab edirəm ki, Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətlərlə ortaq dil tapmaq və onları bir masa ətrafında birləşdirmək bacarığıdır. Ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunun konkret ifadəsini “Bakı Prosesi”ndə görürük. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransına İslam ölkələrinin nazirləri də dəvət olundu. 2009-cu ildə isə İslam ölkələrinin mədəniyyət nazirlərinin Bakı görüşündə Avropa dövlətlərinin nümayəndələri iştirak etdilər. Azərbaycan bununla iki fərqli beynəlxalq mühit arasında birbaşa ünsiyyət üçün yol açdı. Məncə, ölkəmizin mədəniyyət körpüsü kimi rolunu ən aydın göstərən nümunələrdən biri budur.

Təbii ki, təşəbbüsün davamlı beynəlxalq əməkdaşlığa çevrilməsi də əhəmiyyətlidir. Bu il oktyabrın 27-29-da Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun son nümunəsidir. Forumda mədəniyyətlərarası anlaşmanın təhsil və rəqəmsal siyasətdə təşviqi, gənclərin sülh quruculuğunda iştirakı və dinlərarası əməkdaşlıq üzrə konkret yanaşmalar müzakirə olundu. Hesab edirəm ki, Azərbaycanın mühüm töhfəsi belə görüşlər vasitəsilə müxtəlif ölkələrin təcrübəsini bir araya gətirmək və birgə təşəbbüslərə yol açmaqdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq bizim fəaliyyətimiz də bu imkanları genişləndirir. Qlobal Bakı Forumu vasitəsilə müxtəlif ölkələrin siyasi və ictimai xadimlərini Bakıda bir araya gətiririk. Fərqli mövqeləri olan insanların ünsiyyətini davam etdirməsi, bir-birinin arqumentlərini birbaşa eşitməsi üçün belə görüşlər vacibdir. Azərbaycanın tarixi birgəyaşayış təcrübəsi və müasir beynəlxalq təşəbbüsləri bizə bu işi davam etdirmək üçün güclü əsas verir. Hesab edirəm ki, ölkəmizin gələcək rolu da məhz bu istiqamətdə, mədəni yaxınlığı konkret əməkdaşlığa çevirməkdə daha da güclənə bilər.

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq fəaliyyətini, o cümlədən Qlobal Bakı Forumu təcrübəsini nəzərə alsaq, qlobal problemlərin müzakirəsi zamanı əldə olunan nəticələrin konkret təşəbbüslərə və praktiki əməkdaşlığa çevrilməsi üçün hansı mexanizmlər daha səmərəlidir?

- Təcrübəmiz göstərir ki, beynəlxalq görüşün əsl nəticəsi onun başa çatmasından sonra görülən işlərdə üzə çıxır. Qlobal Bakı Forumunda dəyərli fikirlər və təkliflər səslənir. Bizim üçün əsas məsələ həmin təkliflər ətrafında işləməyə hazır olan tərəfləri müəyyənləşdirmək və onlarla əməkdaşlığı davam etdirməkdir. Bunun üçün hər təşəbbüsün konkret məqsədi, onu irəli aparacaq tərəfdaşları və icra müddəti olmalıdır. Bu məsələlər aydınlaşdırılmayanda ən yaxşı ideya da müzakirə səviyyəsində qala bilər.

Hesab edirəm ki, səmərəli mexanizmlərdən biri Forumda qaldırılan konkret məsələlər üzrə kiçik işçi qrupların yaradılmasıdır. Məsələn, su təhlükəsizliyi ilə bağlı təklif səslənirsə, həmin istiqamətdə çalışan mütəxəssisləri, aidiyyəti qurumları və mümkün maliyyə tərəfdaşlarını bir araya gətirmək lazımdır. Bu qrup növbəti geniş konfransı gözləmədən ehtiyacları müəyyənləşdirə, layihə təklifi hazırlaya və onun harada həyata keçirilə biləcəyini araşdıra bilər. İlkin mərhələdə bir şəhəri və ya bir icmanı əhatə edən layihədən başlamaq da mümkündür. Əsas odur ki, nəticəni qiymətləndirmək və uğurlu təcrübəni sonradan genişləndirmək mümkün olsun.

Burada özəl sektorun iştirakını xüsusilə vacib hesab edirəm. Şirkətlərin maliyyə imkanları, texnologiyaları və layihə idarəçiliyi təcrübəsi təkliflərin həyata keçirilməsində mühüm rol oynaya bilər. Ona görə də biznes nümayəndələri təşəbbüslərin hazırlanmasına ilkin mərhələdən cəlb olunmalıdırlar. Elə su təhlükəsizliyi nümunəsinə qayıtsaq, dövlət qurumları və ekspertlərlə yanaşı, suya qənaət texnologiyaları təqdim edən şirkətlərin və maliyyə institutlarının iştirakı layihənin icra imkanlarını artırar. Bu zaman texniki həll, maliyyələşmə və layihənin uzunmüddətli fəaliyyəti birlikdə nəzərdən keçirilər.

Müxbir – Ceyhun Xəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью