Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 27 yanvar, AZƏRTAC
Parlament diplomatiyası ilə beynəlxalq diplomatiyanın harmoniyası dünyada sülhün və əmin-amanlığın bərqərar olunması, konfliktlərin həlli, Asiya regionunda və qlobal səviyyədə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın təşviqi, eləcə də təhlükəsizliyin təmin olunması kimi bir çox proseslərdə mühüm əhəmiyyət kəsb edir.
Türk Dövlətləri Parlament Assambleyasından (TÜRKPA) AZƏRTAC-a bildirilib ki, bu sözləri Təşkilatın Baş katibi Ramil Həsən yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanı deyib.
TÜRKPA-nın fəaliyyəti, həyata keçirdiyi layihələr və Asiya Parlament Assambleyası ilə qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar barədə geniş məlumat verən Baş katib TÜRKPA-nın 2017-ci ildə Asiya Parlament Assambleyasında müşahidəçi qismində üzvlük statusu qazandığını diqqətə çatdırıb. Ramil Həsən təşkilata üzv ölkələrin parlamentarilərinin qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında əməkdaşlıq etdiyini, Türk dövlətlərinin bütün dinlərə və millətlərə qarşı tolerant siyasət yürütdüyünü xüsusi vurğulayıb.
Çıxışının sonunda TÜRKPA-nın gələcəkdə həyata keçirəcəyi layihələrdən bəhs edən R.Həsən Asiya Parlament Assambleyası ilə əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması istiqamətində əzmlə fəaliyyət göstərəcəyini vurğulayıb.