Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı beynəlxalq münasibətlər sisteminin mövcud vəziyyəti baxımından son dərəcə fundamental xarakter daşıyırdı".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, çıxışın məzmununa nəzər yetirməzdən əvvəl bildirməliyik ki, forum 2000-dən artıq iştirakçını, 100 çox ölkədən gəlmiş 500-dən artıq qonağı əhatə edirdi:
"Şübhəsiz ki, bu rəqəmlərin özü mədəniyyətlərarası münasibətlər kimi vacib məsələlərin müzakirəsi və həlli baxımından sözügedən platformanın nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
Forum ilk dəfə 2011-ci ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil edilib. Bu baxımdan onun budəfəki görüşünün də Bakıda keçirilməsi yalnız əhəmiyyətli hadisə deyil, həm də xüsusi məna daşıyır. Azərbaycan hər zaman beynəlxalq birliyi dərindən narahat edən məsələlərin müzakirəsi üçün platforma təqdim edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə problemlərin həlli istiqamətində konkret yanaşmalar və təşəbbüslər irəli sürən Lider kimi beynəlxalq səviyyədə diqqət çəkir.
Bu gün Azərbaycan, şübhəsiz ki, İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atan bir aktor kimi özünü təsdiq edir. Qeyd edilməli ilk məqam ondan ibarətdir ki, İslam dünyası ilə əlaqələrimizin kökləri olduqca dərindir. Bu əlaqələrin ardıcıl və sistemli şəkildə inkişaf etdirilməsi Azərbaycan dövləti tərəfindən hər zaman prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Cənab Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşü də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, diqqət çəkən və həssas məqam Baş katibin Ümummilli Lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etməsi oldu.
Məhz Emummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanla bu təşkilat arasında münasibətlərin əsası qoyulmuş, sonrakı mərhələdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu isə İslam dünyası ilə Azərbaycan arasında qurulan münasibətlərin sağlam təməllər üzərində inkişaf etdiyini göstərir.
Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə tarixi bir addım atdı. Ermənistanın torpaqlarımızı 30 il ərzində işğal altında saxladığı dövrdə İslam Əməkdaşlıq Təşkilatı işğalçılıq siyasətini qətiyyətlə pisləmiş, təcavüzkara qarşı Xüsusi Təmas Qrupu yaratmışdı. Münaqişənin həllindən sonra isə həmin qrup ləğv edildi.
Burada mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq hərəkət etdi. Eyni zamanda, mədəni abidələrimizin və azərbaycanlılara məxsus tikililərin dağıdılması istiqamətində törədilmiş vandalizm aktlarını vaxtında ifşa etdik. Bu faktların araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Azərbaycan mühüm işlər gördü.
Cənab Prezident İlham Əliyev İslam dünyasını hər zaman birliyə və həmrəyliyə çağıran dövlət başçısıdır. Bu istiqamətdə böyük səylər göstərir, yeni təşəbbüslərlə çıxış edir. Şübhəsiz ki, İslam dünyasında həmrəyliyin gücləndirilməsi digər münaqişələrin və problemli məsələlərin həlli baxımından da xüsusi əhəmiyyət kəsb edə bilər.
Azərbaycanın bu istiqamətdə atdığı mühüm addımlardan biri ondan ibarətdir ki, biz İslam həmrəyliyinə verdiyimiz dəstəyi yalnız siyasi bəyanatlarla məhdudlaşdırmırıq. Ölkəmiz illər ərzində İslam dünyasında birliyin və həmrəyliyin qorunması istiqamətində fundamental addımlar atıb. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərimizin bərpası, Heydər Əliyev Fondunun xətti ilə İslam mədəniyyətinə aid abidələrin təmir və bərpa edilməsi Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasətin əməli nəticələridir.
Azərbaycanın inkişaf modeli bu gün beynəlxalq səviyyədə öyrənilən nümunələrdən biridir. Dünyəvi dövlət olan Azərbaycan həm İslam ənənələrinə sadiqliyini nümayiş etdirir, həm də müasirliyin və İslam dəyərlərinin bir-birinə zidd olmadığını göstərən nümunəvi model formalaşdırmağa nail olur.
Təbii ki, bu cür beynəlxalq əməkdaşlıq platformaları həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də ikili standartların qarşısının alınması baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda İslam Həmrəyliyi İlinin elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının təşkili bu istiqamətdə mühüm hadisələrdəndir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının müxtəlif tədbirlərinə ev sahibliyi etməyimiz ölkəmizin İslam dünyasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir.
2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Nazirləri Konfransının XIII sessiyasının və İslam Zirvə Konfransının XVI sessiyasının Azərbaycanda keçirilməsinin nəzərdə tutulması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin bu tədbirlərə ev sahibliyi etməsi və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərdiyi fəallıq Azərbaycanın təşkilat daxilində nüfuzunun və əməkdaşlığın inkişafına verdiyi töhfələrin göstəricisidir".