Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaxt həqiqətən çox tez keçir. Gözünü yumub-açırsan ki, bir il də belə getdi. Cahangir Fərəcullayevin AFFA-nın baş katibi təyin olunmasının bir ili olur bu gün. Elə bil, dünən gəlib AFFA-ya.
Bəlkə də, kiminçünsə arxada qalan bir ilə birmənalı qiymət vermək çətindir. Ümumiyyətlə, hər bir prosesdə ən qəliz dönəm keçid dövrü sayılır. İllərdir qalaq-qalaq yığılmış problemləri həll etmək, federasiyada kök salmış gücləri yerindən tərpətmək kənardan göründüyü qədər asan deyil.
Arxada qalan bir ildə Cahangir Fərəcullayevin ən böyük uğuru milli komandanın baş məşqçi postunu tükənmiş əcnəbilərdən təmizləyib, yığmanın başına yerli məşqçinin gətirilməsidir. Yeri gəlmişkən, ilk dəfə idi ki, bir xarici məşqçinin yarıtmazlığı barədə bütün həqiqətlər onun üzünə deyildi. Daha Elxan Məmmədovun vaxtındakı kimi təmtəraqla, bər-bəzəkli sözlərlə yola salınmadı... Düzdür, Santuşun qovulması maliyyə baxımından bahaya oturdu futbolumuz üçün. Amma yubatmadan göndərilməsi zamanında verilən, çox doğru qərar idi.
Fərəcullayevin millimizdə işə başlayan Ayxan Abbasova dəstək olması da təyinatın əhəmiyyətli tərəfi sayılmalıdır. Baş katiblə millinin baş məşqçisinin bir-birinə güvənməsi çox vacib amildir bu işdə. Futbol ictimaiyyəti illər əvvəl sabiq baş katib Elxan Məmmədovun yığmanın o vaxtkı baş məşqçisi Qurban Qurbanova necə "badalaq" vurmasını unutmayıb. Qurban Qurbanov özü unutsa da...
Fərəcullayevin aktivinə yazılmalı olan daha bir məqam son bir ildə AFFA-da aparılan kadr islahatlarıdır. Xeyli dəyişikliklər olub, uzun illərdir yerini isidib, ortaya ciddi iş qoymayanların əksəriyyətinə qapı göstərilib. Tanınmış futbol funksioneri Tahir Süleymanovun rəhbərlik etdiyi Bakı Futbol Federasiyasına verilən dəstək, uzun illərdən sonra "Sabahın ulduzları" layihəsinin qayıtması da AFFA-nın müsbət qərarları siyahısına daxil edilməlidir.
Təəssüflə vurğulanası məsələ İnkişaf Strategiyasıdır. Hər şey nöqtə-vergülünə qədər yazılıb, kağız üzərində hər şey hazırdır, amma strategiya rəflərdə tozlanır. İcrasına başlamaq mümkün deyil. Vəsait yoxdur. Bu məsələdə Fərəcullayevi qınamağa adamın dili də gəlmir. Çünki 8 bölgədə tikilməli olan Regional Futbol Akademiyalarının inşasına 500 milyon manatdan çox pul lazımdır. Belə vəsaitlə bağlı qərarı yalnız ölkənin ali rəhbərliyi verə bilər.
Hakimlər Komitəsinə Rəhim Həsənovun gətirilməsi kimi daha bir müsbət hadisədən tutmuş, bunun kimi irili-xırdalı xeyli müsbət və mənfilərdən danışmaq mümkündür. Baxır, kimin necə yanaşmasına, baş verənləri necə qəbul etməsinə!
Həmid
saytlarin hazirlanmasi