Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 22-də 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib.
Nazirlər Kabinetindən SİA-ya bildiriblər ki, tədbirdə çıxış edən Ə.Əsədov Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini vurğulayıb, cəmi bir neçə il ərzində forumun regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq etdiyini bildirib.
Baş nazir Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstanın əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq iqtisadi-ticari əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
“Bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər”, - deyə Ə.Əsədov vurğulayıb.
Bildirilib ki, Azərbaycanı və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir.
Bu gün iki ölkə yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır.
Nəqliyyat-tranzit sahəsinin ənənəvi olaraq gündəlikdə xüsusi yer tutduğunu bildirən Ə.Əsədov ölkəmizin strateji coğrafi yerləşməsinin və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələrin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.