Baş nazir Nielsen: ABŞ Qrenlandiyanı ala bilməz

31.03.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı öz ölkəsinin nəzarətinə almaq istədiyi açıqlamalara münasibət bildirərək, "Açıq deyim, ABŞ bunu ala bilməz" deyib.

Bizimyol.info xəbər verir ki, Nielsen sosial media hesabından etdiyi açıqlamada, Trampın ölkəsi ilə bağlı verdiyi bəyanatlara reaksiya göstərib.

Nielsen: "Prezident Tramp ABŞ-ın Qrenlandiyanı alacağını deyir. Açıq deyim, ABŞ bunu edə bilməz. Onlar bizi ala bilməz, biz heç alınıb-satılacaq deyilik. Heç kimin mülkiyyəti də deyilik. Gələcəyimizi özümüz müəyyən edirik", - deyə bildirib.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens ABŞ nümayəndə heyəti ilə 28 martda Qrenlandiyanı ziyarət edərkən, Danimarka hökumətinin adanın təhlükəsizliyinə "kifayət qədər sərmayə qoymadığını" bildirib və bu ifadələri ilə tənqidə tuş gəlib.

Tramp, yenidən prezidentliyə qayıtdıqdan sonra Qrenlandiyanı öz ölkəsinin nəzarətinə almaq istəyini tez-tez dilə gətirib, "Ağ Evdə beynəlxalq təhlükəsizliyin təmin olunması üçün Qrenlandiyaya nəzarəti ələ keçirməyin lazım olduğunu" qeyd edib.

ABŞ prezidenti Qrenlandiyanın hər yerində Çin və Rusiya gəmilərinin dolaşmasından narahat olduğunu bildirərək, "bu vəziyyəti həll etmələri" üçün Danimarkaya və ya başqasına etibar etmədiklərini söyləyib.

Digər tərəfdən, ABŞ vitse-prezidenti Vens həyat yoldaşı Uşa Vens, ABŞ Energetika naziri Kris Rayt və Milli Təhlükəsizlik Məsləhətçisi Mayk Volts ilə birlikdə Qrenlandiyanı ziyarət edib.

Vens: "Hamınızın bildiyi kimi, bu böyük bir məsələdir və önümüzdəki onilliklərdə daha da böyüyəcək. Qrenlandiyada daha çox mövqeyə sahib olmalıyıq." deyərək, hərbi qüvvə istifadə etmədən, Qrenlandiya əhalisinin "nəhayət ABŞ-ın və adanın nəzarəti ilə bağlı arzusunun gerçəkləşəcəyinə" inandığını bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью