Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının baş katibi Cahya Hardianto Harefa və Uqandanın dövlət ittihamı direktoru Lino Anguzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektronlaşdırılması istiqamətində həyata keçirilən hüquqi və institusional islahatlar barədə məlumat verib. Bu sahədə dövlət siyasətinin ardıcıl həyata keçirilməsinin, qabaqlayıcı tədbirlərin genişləndirilməsinin və səmərəli antikorrupsiya mexanizmlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.
İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının baş katibi ilə görüşdə Azərbaycan-İndoneziya münasibətlərinin dostluq və qarşılıqlı hörmətə əsaslandığı qeyd olunub, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Habelə İndoneziyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə göstərdiyi dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb.
Baş prokuror, həmçinin İndoneziyanın Baş prokuroru Sanitiar Burhanuddin ilə mövcud əlaqələrə və rəsmi yazışmalara toxunaraq, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.
Cahya Hardianto Harefa korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin və qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanın Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə İndoneziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında əməkdaşlığın inkişafı, korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi sahəsində təcrübə mübadiləsi, habelə beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
Uqandanın dövlət ittihamı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Uqanda əlaqələrinin inkişafı, xüsusilə hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Baş prokuror korrupsiyanın transmilli xarakterini nəzərə çatdıraraq, bu qəbildən olan hüquqpozmalarla səmərəli mübarizədə operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Lino Anguzu səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.