Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 sentyabr Anım günü, 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Respublika Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.
Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir.
Görüşdə Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşlarının döyüşlərdə göstərdikləri şücaət və xidmətlər xüsusi vurğulanıb. Sabiq Baş prokuror İsmət Qayıbovun oğlu, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, prokurorluğun veteranı Seyfulla Aslanov, Vətən Müharibəsinin iştirakçısı – Bakı Hərbi Prokurorluğunun müstəntiqi Ayxan Əhmədov və başqaları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdikləri diqqət və dəstəkdən bəhs edib, göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə ediblər.
Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
XQ