Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu məsələyə münasibət bildirmək istəmirdim. Bunun da obyektiv və subyektiv səbəbləri var. Prosesləri diqqətlə izləyirəm. Son üç ildə Naxçıvanda baş verən hadisələrə kar, kor olanların indi qulağı eşitməyə başlayıb, gözləri açılıb. Babək rayonunun Payız kəndinin sakinlərinin şikayətini, (etirazını yox ha) belə qabartmaq kimə və nə üçün lazım idi?"
Mia.az xəbər verir ki, bu sözləri Naxçıvandakı Şərq qəzetinin keşmiş Baş redaktoru, hazırda TNS Yutub kanalına rəhbərlik edən Tural Səfər sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, birinci bu sual ətrafında düşünmək lazımdır: "Naxçıvanlıların problemlərini ictimailəşdirməkdə maraqlı olanlar 3 ay əvvələ qədər muxtar respublika əhalisinin səsini niyə eşitmirdi? Bəlkə eşitmək istəmirdilər. Naxçıvanlılar heç vaxt qışın oğlan çağında su davasına çıxmayıblar. Fikrimcə, bu, su davası deyil, başqa davadır. Nə isə... Çox dərinə getmək istəmirəm.
Bu statusu yazmağıma Naxçıvan Su Meliorasiya İstismarı İdarəsinin hüquqşünas rəisi Malik Rzayevin Payız kəndində səsləndirdiyi fikirlər səbəb oldu. Adam bilərəkdən və ya bilməyərəkdən deyir ki, son 20 ildə bu kənddə heç bir iş görülməyib. Bunun iki izahı var. Ya bu “hüquqşünas” o qədər savadsızdır ki, nə dediyinin fərqində deyil, ya da dövlətin bu kənddə gördüyü işləri qəbul etmir. Malik Rzayev bilmir ki, son 20 ildə bu ölkəyə kim rəhbərlik edib?
Mən bu “hüquqşünasa” xatırladıram ki, son 20 ildə Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun hər bir kəndində, eləcə də Payızda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə çox böyük işlər görülüb. Payızda məktəb, kənd mərkəzi tikilib, kəndə yol çəkilib. Su probleminin həllini dövlət sənə tapşırıb, sən də yarıtmamısan. Ayıbına kor olmaq əvəzinə hələ utanmadan çıxıb deyir ki, son 20 ildə burda heç bir iş görülməyib. İndi mən sual verirəm. Dövlətin bu məmurunun Əli Kərimli ilə nə fərqi var? Bu məmur Payız kəndinə yaratdığı problemə, yarıtmaz fəaliyyətinə görə vəzifəsindən çıxarılmasa da, bu sözünə görə qovulmalıdır. Dövlətin gördüyü işlərə kölgə salan adamlar cəzasız qala bilməz".
Samir
MİA.AZ