Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəmiyyətdə kriminal hadisələrə diqqət, çevik reaksiya vermək instinkti var.
İki gün əvvəl restoranda baş verən və bir nəfərin ölümü ilə nəticələn hadisə də bu qəbildəndir. Fakt ortadadır. Konkret hadisə və cinayət var.
Kimin hansı dərəcədə günahkar olmasını hüquq-mühafizə orqanları araşdırır və qanunla da tədbir görəcək. Necə ki, etdilər. Artıq hadisənin iştirakçısı olan 11 nəfər həbs edilib. Amma hadisənin sosial şəbəkələrdə bəzən bilərəkdən konteksdən çıxarılması prosesə təzyiq, onu istiqamətləndirməkdir.
Ölüm hadisəsi var, insan həyatına son qoyulub. Kim nə edibsə, etdiyinin cəzasınını alacağından, törətdiyi əmələ görə cavab verəcəyindən əminik. Çünki hüquq işləyən yerdə söz keçmir. Lakin baş verən hadisəyə görə hədəfə AMİP sədri, deputat Arzuxan Əlizadənin gətirilməsi, baş verən hadisənin onun şəxsinə, fəaliyyətinə yönləndirilməsi yolverilməzdir. Müasir dövrdə, süni intellektin dünyanı zəbt etdiyi belə bir dönəmdə heç kim heç kimə cabadeh deyil. Nə ata oğula, nə oğul ataya...
30-dan çox yaşı olan bir adam istənilən qrupda da, "kruq"da da ola bilər. Söhbət müstəqil bir insandan gedir. Onun öz həyat yolu var. Müstəqil həyata müdaxilə etmək çox çətindir. Özümüzü aldatmağa çalışmayaq, həqiqət budur. Arzuxan Əlizadə intellektual, sakit, pafosdan uzaq bir siyasətçidir. Uzun illər öz təmkinini qoruyub saxlamağı bacarıb. İndi də parlamentdə təmsil olunur. Yenə də eyni sükunətlə...
İllərdir bu adam cəmiyyətin diqqət mərkəzindədir. Kimsə onunla bağlı neqativ nəsə deyə bilməz. İndi baş verən faciəvi hadisədən ona qarşı fürsətcillik etmək görüntüləri ortadadır. Bu da Arzuxan Əlizadənin deputat, partiya sədri olmasından qaynaqlanır. Buna da təbii baxmaq lazımdır. Amma cəmiyyətin bu yöndə formalaşması gələcəkdə mənfi tendensiyalar yarada bilər. Ona görə ki, sabah kiminsə hər hansı hadisədən sığortası yoxdur. Bu həyatdır.
Həyat acılı-şirinli hadisələrlə davam edir. Bəs onda niyə cəmiyyətdə pis ənənələrə belə aludəçilik niyə olsun? Baş verən hadisəni şəxsiləşdirmək, bir az da dərinə gedib ona başqa don geyindirmək düzgün deyil. Bizim marağımızdakı hadisənin tam araşdırılması, baş verən cinayətə görə ədalətli cəzanın tətbiqi olmalıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin