“Baş verənlərdən nəticə çıxarmaq istəyirik” Rzayev

26.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Araz-Naxçıvan”ın futbolçusu Abdulla Rzayev Premyer Liqanın XII turunda “Neftçi”yə məğlubiyyətdən sonra fikirlərini bölüşdü.

Cinah müdafiəçi matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Məğlubiyyəti şərh edərdiniz.
– Oyuna istədiyimiz kimi başlaya bilmədik. Matçın əvvəlində çətinlik yaşasaq da, sonradan toparlanmağı və öz oyunumuzu tapmağı bacardıq. Təəssüf ki, bu qələbə üçün yetərli olmadı.

– Rəqib futbolçu Qustavo Klismanın qolu ilə bağlı fikirləriniz nədir?
– Klisman gözəl qolla fərqləndi. Belə qollar 100 epizoddan birində vurulur. Əslində, Klisman qapıya zərbə vurmaq niyyətində deyildi, sadəcə top qapıya daxil oldu. Bundan sonra 2-3 real qol epizodumuz olsa da, onlardan yararlana bilmədik.

– Xal və ya xallar qazanmaq üçün nə çatmadı?
– “Neftçi” kimi güclü rəqibə qarşı qol imkanlarını dəyərləndirməyəndə işiniz çətinləşir. Qapımızda 2-3 qol gördükdən sonra fərqli oynamağa başladıq, daha fəal olmağa çalışdıq. Ancaq təəssüf ki, artıq gec idi.

– Komanda 12 oyunda hələ qələbə qazana bilməyib. Bu seriyanız nə vaxt bitəcək?
– Bu uğursuzluğun nədən qaynaqlandığını bilmirəm. Heyətimizdə itkilər var və bu da müəyyən mənada komandaya təsir edir. Ümumiyyətlə, qapımızda bəzən heç nədən qollar görürük. Bu nəticələrə görə peşmanıq və baş verənlərdən nəticə çıxarmaq istəyirik. İnanıram ki, bir dəfə qələbə qazansaq, “qara zolaq”dan çıxacaq və özümüzə inamı geri qaytaracağıq. 

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью