Başınıza “parlaq daş” düşsün!

02.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ayxan Abbasovu qınamaq istəyirsən ki, niyə 4 müdafiəçi və 2 “opornu” – yekunda 6 “müdafiəçi” ilə oynayırsan, axı rəqibin baş məşqçisinin də etiraf etdiyi kimi, tam peşəkar komanda deyil, hücum mahiyyətli heyət burax, kreativ oynayaq, udaq da!

Emin Mahmudovu dayaq yarımmüdafiəsinə çəkib, Xaybullayevi də onun yanına qoymaq, üzr istəyirəm, “siçandan qorxmaq” anlamı daşıyır.

Ancaq fikirləşəndə ki, bu ölkənin futbolu mahiyyətcə bundan artığına qadir deyil, onda Abbasovu da qınamağın gəlmir.

Hətta oyunsonrası mətbuat konfransında dediyi köntöy, “Mən qələbələr qazanan komandaya gəlməmişdim” ifadəsini də başa düşməyə çalışırsan.

İstəyirsən AFFA rəhbərliyini “ağ yuyub, qara sərəsən”, yadına düşür ki, millini yerli baş məşqçi çalışdırmalıdır tələbinə əməl edib israrla Abbasovu “sükan arxasına” gətirdilər.

Deməli, bu günün nəticələrinə görə söyüşmək-döyüşmək əbəsdir. Potensialımız gün kimi aydındır, ortadadır.

Əvvəlki AFFA rəhbərliyini bəs niyə şiddətlə qınayırdınız deyib irişənlərə isə cavab budur: 15 il ərzində uşaq futbolu qarışıq heç nəyə ciddi yatırım etmədilər.

Uşaq futboluna köklənmək və bu işi klubların ümidinə buraxmadan görmək lazımdır. Tezliklə və təxirə salınmadan.

Bu olmayacaqsa, onda indiki AFFA rəhbərliyinə də bir “quş”.

Kamil Əhməd

P.S.

Lixtenşteyn dünyanın ən kiçik ölkələrindən biridir. Ölkənin adı knyazlığı qurmuş sülalənin adından götürülüb.

Sülalə isə bu adı Vyananın yaxınlığındakı qaladan götürüb.

Ümumiyyətlə, Lixtenşteyn adı almancadan hərfi tərcümədə “parlaq daş” deməkdir (liecht – parlaq, stein – daş).

40 min vətəndaşı olan cırtdan ölkənin həvəskar futbol oynayan millisi ilə 0:0 oynadığınıza görə başınıza “parlaq daş” düşsün!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью